Avstriya parlamentində Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbulu üçün müzakirələr aparılır

“Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı digər Avropa ölkələrində olduğu kimi qətnamənin qəbul edilməsi üçün AŞPA-dakı azərbaycanlı həmkarlarımla mütəmadi müzakirələr aparırıq”…

 

“Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı digər Avropa ölkələrində olduğu kimi qətnamənin qəbul edilməsi üçün AŞPA-dakı azərbaycanlı həmkarlarımla mütəmadi müzakirələr aparırıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Avstriya parlamentinin vitse-spikeri Fridz Noqebaun verib. O qeyd edib ki, bu məsələ ilə bağlı hazırda müzakirələr gedir və AŞPA iclasları çərçivəsində bununla bağlı çox ciddi debatlar təşkil olunur.

F. Noqebaun eyni zamanda iki gündür Bakıda keçirdiyi görüşlərin nəticələrindən də danışıb. O bildirib ki, iki gün ərzində yüksək səviyyəli görüşlər baş tutub və bu görüşlərin iki ölkə arasında bəzi layihələr üçün, xüsusilə parlamentlərarası əlaqələrin inkişafı üçün ciddi əhəmiyyəti var.

Qeyd edək ki, F. Noqebaunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Avstriya parlamentarilərinin bu gün Milli Məclisdə bir sıra görüşləri baş tutacaq.

/APA/