Azərbaycan prezidenti: “Cənub” qaz dəhlizi XXI əsrin layihəsidir

“Biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq”…

“Biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq”
 Bu ilin doqquz ayının nəticələri onu göstərir ki, 2014-cü il  də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin edib.

APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident deyib ki, doqquz ayın iqtisadi göstəriciləri çox müsbətdir: “İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artıb. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, – bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, – qeyri-neft sektorumuz 6 faiz artıb. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır”.

Prezident qeyd edib ki, inflyasiya çox aşağı səviyyədədir – cəmi 1,5 faiz: “ Əhalinin pul gəlirləri isə 5,4 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxıb. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir”.

Ölkə başçısı bildirib ki, ilin əvvəlindən 19 milyard dollar sərmayə qoyulub, bunun 11 milyardı daxili sərmayədir.

 Dövlət başçısı daxili investisiya artımının üstünlük təşkil etdiyini də qeyd edib: “Daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi var, yerli və xarici investorlar bizim ölkəmizə, onun gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur”.

 Prezident vurğulayıb ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər, rəqabət aparılır: “Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaq”.

 Prezident bildirib ki, ölkədə investisiya sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, həm də neft-qaz sənayesinin inkişafına qoyulur: “Bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir”.

 Ölkə başçısı deyib ki, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var.: “İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir”.

 Prezident deyib ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişaf təmin edilir: “Eyni zamanda, bizim rezervlərimiz artır və artacaq. Mən qarşıya belə vəzifə qoymuşam ki, biz çalışmalıyıq, maliyyə rezervlərimiz ildən-ilə artsın. Bu da, əlbəttə ki, həm xarici investorlar üçün əlavə imkanlar yaradır, inamı artırır, eyni zamanda, dünya maliyyə bazarlarından yaxşı şərtlərlə kreditlərin alınması üçün əlavə imkanlar yaradır. Halbuki buna o qədər də böyük ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə əlavə inam verir. Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir”.

 Prezident bildirib ki, Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir: “Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Biz bir pillə də irəliyə getdik və dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Yəni, bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz onsuz da bilirik ki, düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq mötəbər, böyük nüfuzu olan maliyyə-iqtisadi qurumların qiymətləndirməsi, əlbəttə ki, çox önəmlidir”.

 

 

 

Dövlət başçısı bütün infrastruktur layihələrinin uğurla icra edildiyini də deyib: “Bu proses davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilib. Yüz mindən çox yeni iş yeri açılıb, onlardan 80 mini daimi iş yerləridir. Proqramın əvvəlindən, 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb. Bu da imkan verib ki, işsizlik kəskin şəkildə aşağı düşsün və bu gün 5 faiz səviyyəsindədir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol oynayır. Çünki hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər böyük yer tutur. Baxmayaraq ki, ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, ancaq ixrac potensialımızın böyük əksəriyyəti neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərib”.

 Prezdent sosial proqramların icra edildiyini, maaş, pensiya, orta əmək haqqının artırıldığını qeyd edib.

Ölkə başçısı deyib ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılıb, bu il də köçkünlərin yeni evlərlə təmin olunmaları üçün böyük vəsait ayrılıb: “Bu proses gedir və gələn il də təbii ki, davam etdiriləcək”.

Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək Prezident bildirib ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramı, konsepsiyası – “2020 konsepsiyası” var: “Əlbəttə ki, bu layihələrin, infrastruktur layihələrinin icrası imkan verəcək ki, dinamik inkişaf davam etsin”.

Ölkə başçısı Bakı və onun qəsəbələri ilə bağlı da proqramın icra edildiyini, ilk növbədə, su-kanalizasiya layihələri, daha sonra kənd yollarının tikildiyini qeyd edib: “Həm regionların, həm də Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramları paralel şəkildə icra edilir və əminəm bizə imkan verəcək ki, növbəti 2-3 il ərzində ölkə qarşısında duran əsas infrastruktur layihələri başa çatacaq. Əlbəttə ki, bu, bizim gələcək inkişafımıza müsbət təsir göstərəcək. Ona görə ki, böyük investisiya layihələri artıq arxada qalır. Bu, imkan verəcək ki, biz büdcə vəsaitini yeni istiqamətlərə yönəldək. Biznesin təşviqi, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı üçün daha da böyük həcmdə vəsait nəzərdə tutaq. Çünki hələ dövlət investisiya xərclərinin təbii ki, böyük hissəsi infrastruktur layihələrinə yönəlib. Su anbarları, magistral yollar, digər layihələr, dəmir yolları, o cümlədən içməli su, kanalizasiya layihələri, Oğuz-Qəbələ-Bakı su kəməri – bu nəhəng infrastruktur layihələri böyük vəsait tələb edən layihələrdir. O cümlədən gəmiqayırma zavodu, yeni beynəlxalq dəniz ticarət limanı, yəni, bütün bu layihələr artıq icra edilib, ya da onların icrasına az qalıb. Ona görə biz növbəti illərdə büdcə xərclərini daha çox dayanıqlı inkişafı təmin edən layihələrə yönəltməliyik”.

 Prezident deyib ki, biznesin inkişafı üçün aparılan islahatlar müsbət rol oynayıb: “Sahibkarlığın inkişafına həm siyasi, həm maliyyə dəstəyi göstərilib və göstərilir. Beləliklə, ölkənin dinamik inkişafı təmin edilib və bu gün Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bu yaxınlarda IV Bakı Beynəlxalq Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının direktorunun çıxışında da səsləndi ki, Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə çox önəmlidir və başqa ölkələr üçün də örnək ola bilər. Yoxsulluğun azaldılması bilavasitə bizim iqtisadi siyasətimizlə və sosial siyasətlə bağlıdır. Mən bunu dəfələrlə demişəm, bu bizim siyasətimizdir ki, sadəcə olaraq iqtisadi islahatlarla məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq. Maaşlar, pensiyalar durmadan artır. Bir daha demək istəyirəm ki, yanaşmamız bundan ibarətdir və bu da ölkə qarşısında yeni imkanlar açır”.

 Prezident “Cənub” qaz dəhlizinin təməli qoyulduğunu, bunun  tarixi hadisə olduğunu da vurğulayıb: “Böyük, təntənəli mərasim keçirildi. Bu layihənin icra edilməsi əlbəttə ki, tarixi hadisədir. Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıb. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə “Cənub” qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir, tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir. Bu hadisə doğrudan da tarixdə qalacaq. Keçən əsrin sonlarında “Əsrin kontraktı” imzalanmışdı. O, XX əsrin kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik”.

 

/Apa/