Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkarlayıb…
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkarlayıb.
Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, institutun direktoru Yaqub Mahmudov bildirib ki, həmin sənədlər erməni tərəfinin Batum danışıqları və müqavilələrinə (11 may – 04 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilindəbir sıra öhdəliklər götürdüyünü sübut edir. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozmuş, işğalçılıq siyasətini davam etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmişdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.
Y.Mahmudov bildirib ki, Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, həm Antantanın (Rusiya, İngiltərə, Fransa, ABŞ), həm də Almaniya-Türkiyə blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Rusiya, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində – Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Azərbaycanın arxalandığı və məğlubiyyət qarşısında olan Osmanlı Türkiyəsi isə “erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin Türkiyə sərhədləri xaricində – Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarında yaradılmasına çalışırdı: “Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə silahlı müqavimət göstərmək gücü yox idi. Buna görə də, Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı Türkiyəsinin diktəsi ilə hərəkət edirdilər, daha doğrusu buna məcbur idilər. Yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaq üçün hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Türkiyənin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdi. Danışıqlar Batum konfransı (11 may – 04 iyun 1918-ci il) çərçivəsində və konfransda iştirak edən Türkiyə nümayəndə heyətinin vasitəçiliyi ilə oldu. Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki, həqiqətən də, Osmanlı Türkiyəsi “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeridir. Bununla bağlı olaraq, Batum konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Yusifbəyli Zaqafqaziya seyminin sabiq üzvlərinin 27 may 1918-ci il tarixli fövqəladə iclasında məlumat verib”.
Y.Mahmudov deyib ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikirayrılığı var idi. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Azərbaycan tərəfi Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi: “Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım həm də böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq”.
Y.Mahmudov qeyd edib ki, Batum danışıqları zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Türkiyə tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü. Həmin öhdəliklər aşağıdakılar idi:
1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi S.Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən, Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.
2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaq.
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.
4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.
Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunduqdan dərhal sonra, hələ Batum müqavilələrinin bağlanmasına, yəni 1918-ci il iyunun 04-nə bir həftə qalmış, 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan onun ətrafındakı 9 min kv.km ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verilib.
/Trend/