Azərbaycan Respublikasının miqrasiya siyasətinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi nəticəsində son illər dünya ölkələrində baş verən miqrant böhranı fonunda ölkəmizdə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görülüb. Bu gün Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
Firudin Nəbiyev bildirib ki, ölkəmiz miqrasiya sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və tərəfimizdən görülən işlər həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bununla belə, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik iqtisadi inkişaf, aparılan uğurlu xarici siyasət ölkəmizi miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi dövlətimiz mənşə ölkəsindən müasir və sürətlə inkişaf edən tranzit və təyinat ölkəsinə çevrilib. Bununla yanaşı, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amil kimi qeyd edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb.