Ən çox qazananlar neft, rabitə, maliyyə sahələrində işləyirlər…
Ən çox qazananlar neft, rabitə, maliyyə sahələrində işləyirlər.
2014-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1494,1 min nəfər olub və onlardan 898,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,5 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2014-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 426,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.