Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin (AŞNK) dəvəti ilə Strasburqda səfərdə olan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi adından Konqresin 27-ci sessiyasının plenar iclasında çıxış edib.
APA-nın Avropa bürosunun xəbərinə görə, F. Məmmədov öz çıxışında Azərbaycanın AŞNK-dəki sədrliyinin artıq sona yaxınlaşdığını və Azərbaycanın bu ötən beş ay ərzində intensiv fəaliyyət göstərdiyini bildirib.
Nazir AŞNK-nin son beş ay ərzində gördüyü əsas işləri haqda məlumat verərək, NK-nin Ukrayna böhranının prioritet məsələ olduğunu və bu məsələ ətrafında bir neçə müzakirələrin keçirildiyini söyləyib. Bundan başqa, nazir Azərbaycanda yerli və regionlar demokratiyanın vəziyyəti ilə bağlı konqres iştirakçılarına ətraflı məlumat verib.
Fikrət Məmmədov ölkənin qurumdakı prioritetləri haqda danışarkən, Azərbaycanda gənclərə, onların keyfiyyətli təhsil ala bilmələrinə və onların gələcəkdə demokratiyanın quruculuğunda və inkişaf etdirməsində oynadığı rola önəm verdiyini bildirib. Nazir Azərbaycanın qonşuluq siyasətinə də üstünlük verdiyini qeyd edərək, gələn ayın 7-8-i tarixlərində Bakıda qonşuluq siyasəti ilə bağlı yüksək səviyyədə tədbirin keçiriləcəyini deyib və Konqresin də bu tədbirə dəstək verəcəyinə ümid etdiyini söyləyib. F. Məmmədov Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrildiyini, bununla bağlı sentyabr ayında Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqa həsr edilmiş konfransın keçirildiyini, Konqresin də bu tədbirdə yaxından iştirak etməsini alqışladığını bildirib. F. Məmmədov öz çıxışında korrupsiya ilə mübarizə məsələsinə də toxunaraq, bunun həm Avropa Şurası, həm də Azərbaycan üçün çox vacib bir məsələ olduğunu vurğulayıb: “Korrupsiya demokratiya və hüququn aliliyi kimi prinsiplər üçün təhlükədir və buna görə də korrupsiya ilə mübarizə AŞ-nın prioritetinə çevrilib. Korrupsiya ilə mübarizə eyni zamanda Azərbaycan hökuməti üçün də prioritet təşkil edən məsələdir və ölkəmizdə bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub. Bu yay biz Bakıda korrupsiya ilə mübarizə mövzusunda yüksək səviyyədə tədbir keçirdik. Bundan başqa, BMT-nin təşəbbüsü ilə təsis olunan Korrupsiyaya qarşı Beynəlxalq Assambleyanın 3-cü sessiyasının toplantısı bu ilin noyabr ayında Bakıda təşkil olunacaq. Korupsiya ilə mübarizə sahəsində bilik və təcrübə baxımından bu ortada olan boşluqları doldurmaq üçün yaxşı fürsətdir və biz də bununla bu əhəmiyyətli məsələyə öz töhfəmizi verə biləcəyik. Biz bilirik ki, Konqres də bu məsələ ilə bağlı ciddi fəaliyyət göstərir. Bu məsələlər bizim sədrliyimizin prioritetləridir, amma biz bu işləri sədrliyimizdən sonra da ciddi şəkildə davam etdirəcəyik “.
Daha sonra F. Məmmədov Azərbaycanda yerli və regional demokratiyanın inkişafı, bələdiyyə orqanlarının fəaliyyəti haqda geniş məlumat verib: “Azərbaycanda yerli idarəetmə orqanları bələdiyyələrin möhkəmlədilməsində xüsusi diqqət ayırırlar. Bu sahədəki qanunlar getdikcə təkmilləşdirilir. Yerli özünüidarəetmə və bələdiyyələr sahəsində yüzlərlə qanunvericilik aktları qəbul olunub “.
Nazir deyib ki, prezidenti İham Əliyev insan hüquqları, şəffaf idarəetmə və korrupsiya ilə mübarizə üzrə milli fəaliyyət planını təsdiq edib və bütün bunlar da yerli özünüidarəetmənin inkişaf etdirilməsində müsbət rol oynayır: ” 2020-ci ilədək Azərbaycanın inkişafı konsepsiyası qəbul olunub və burada bizim ölkənin inkişafının strategiyaları və məqsədləri müəyyən olunub. Digər məsələlərlə yanaşı, burada bələdiyyə orqanlarının potesialının möhkəmləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində insan resurslarının istifadəsi kimi məsələlər də öz əksini tapıb”.
Sonda Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını konqres üzvlərinin diqqətinə çatdırəb: “Əlbəttə ki, bələdiyyələrin təkmilləşdirilməsi istiqamətindəki tədbirlərimiz davam etdiriləcək. Azərbaycanda bu proses daimi xarakter daşıyır və sizi əmin etmək istərdim ki, bizim bu sahədə apardığımız islahatlar, birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcək. Lakin təəssüflər olsun ki, Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20% ərazilərinin işğal edilməsi bu ərazilərdə yerli özünüidarəetmə orqanlarının təşkil edilməsinə imkan vermir. Qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyon azərbaycanlı yerli özünüidarəetmədən məhrum olublar”.
/Apa/