Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şanxayın “Yuy Yuan ” parkı ilə tanış olub

 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva mayın 21-də dövlət başçılarının xanımları ilə birlikdə Şanxayın “Yuy Yuan” parkında olmuşdur…

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva mayın 21-də dövlət başçılarının xanımları ilə birlikdə Şanxayın “Yuy Yuan” parkında olmuşdur.

Çin Xalq Respublikası sədrinin xanımı Pen Liyuan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşıladı. Sonra dövlət başçılarının xanımları “Yuy Yuan” parkında Çin rəssamlarının əsərlərinə baxdılar. Burada rəssamların miniatür üslubda işlədiyi əsərlər daha çox maraq doğurdu. Çünki Şərq xalqları arasında daha çox yayılan miniatür sənətində Çin istiqaməti üstünlük təşkil edir və özünəməxsusluğu ilə diqqət çəkir.

Sonra birinci xanımlar bədii proqramı izlədilər. Burada qonaqlara qədim Çin musiqisini və incəsənətini əks etdirən səhnələr təqdim olundu.

Qeyd edək ki, birinci xanımların tanış olduqları “Yuy Yuan” parkının qədim tarixi vardır. Odur ki, buranı Çinin klassik bağı da adlandırırlar və onun adı tərcümədə “Sevinc bağı” mənasını verir. Bu gün bu park müasir və gərgin meqapolisin daxilində sakit və rahat bir dünyadır. Salınmasına 1559-cu ildə başlanan bağın tikintisi uzun fasilələrlə yalnız 1709-cu ildə yekunlaşmışdır. Bir çox münaqişələr, işğallar nəticəsində dağıntılara məruz qalan bu parkda dəfələrlə yenidənqurma işləri aparılmışdır. Dörd hektara yaxın ərazidə yaradılan “Yuy Yuan” parkı öz müasir görkəmini 1956-cı ildə sonuncu dəfə həyata keçirilən yenidənqurma işlərindən sonra almışdır.

Birinci xanımlar parkla tanışlıqdan xoş təəssüratla ayrıldılar.

Milli.Az