Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir…
Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir.
Avqustun 28-də Beyləqan rayonunda prezident İlham Əliyev Ermənistanda iqtsiadi vəziyyətin ağır olması və insanların bu ölkəni tərk etdiyini bəyan etmişdi.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov iqtisadi göstəricilərdə Azərbaycanın Ermənistanı nə qədər üstələməsi ilə bağlı özünün facebook hesabında təhlil yazısı yayımlayıb.
V.Bayramov bildirib ki, ittifaq dövründə uzun müddət Moskvanın maliyyə dəstəyindən faydalanan Ermənistanda iqtisadi-sosial durum keçmiş SSRİ dağılan zaman Azərbaycandan heç də ciddi fərqlənmirdi:
“O zaman müharibəyə iqtisadi baxımdan üstün mövqe ilə başlayan düşmən qonşumuz 22 il sonra məhz öz işğalçı siyasətinin nəticəsində regional inkişafdan geri qaldı.
Sadəcə rəsmi rəqəmlərə istinad göstərir ki, Azərbaycanın dövlət gəlirləri düşmən qonşumuzun qazancından 10 dəfə çoxdur. Dövlət büdcəmizin gəlirləri 25 milyard dollar çatdığı halda bu göstərici Ermənistanda cəmi 2.5 milyard dollardır. Kiçik büdcəyə malik olan Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir.
İllik 2.1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstəliyir. Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərini 20 faizini hərbi sektora ayırmaqla Avropa Birliyinin bu xərclərinin büdcədəki payı ilə bağlı standartlarına məhəl qoymasa da Azərbaycan müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır.
Bu baxımdan, hərbi xərclərinin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan əslində hərbi xərclər ilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da reallıq bundan ibarətdir ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümümi büdcəsi həcmindədir”.
Vüqar Bayramov deyib ki, 10 milyard dollar Ümumi Daxili Məhsula malik olan Ermənistanda iqtisadiyyatın formalaşmasına lobbi yardımlar və ianələr xüsusi rol oynadığı üçün bu düşmən ölkənin iqtisadi inkişafı üçün dayanıqlı zəmin yaratmır:
“74 milyard dollar ÜDM-ə malik olan ölkəmizin iqtisadi potensialı düşmən ölkə ilə müqayisədə 7.4 dəfə çoxdur. Praktik olaraq, dövlət gəlirlərində ciddi müqayisəli üstünlüyə malik olan Azərbaycan iqtsiadiyyatı miqyasına görə də düşmən ölkəni kəskin üstələyir.
Ermənistan iqtisadiyyatı ilə bağlı digər diqqəti çəkən məqam iqtisadi artımın real olmamasıdır. Belə ki, ötən ilin yekunlarında 3.5 faiz iqtisadi artıma malik olan işğalçı ölkədə infliyasiya səviyyəsi 5.9 faiz olub. Bu isə o deməkdir ki, inflyasiya iqtisadi artımı 60 faiz üstəliyib və bu artım da real deyil, nominal olmasına gətirib çıxarıb. 2013-cü ildə ölkəmizdə iqtisadi artım 5.8, inflyasiya səviyyəsi isə 2.4 faiz olub”.
V.Bayramovun sözlərinə görə, Ermənistan yoxsulluq səviyyəsinə görə, MDB ölkələri arasında ən pis göstəriciyə malik olan dövlətlərdəndir:
“Bu ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 32.4 faizi yoxsulluq həddində yaşayır. Mərkəzi Bankının hesablamalarına görə isə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 32.4 faizinin yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir.
Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir. Azərbaycan Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə yoxsulluq səviyyəsi 5.7 faizdir. Bu isə ondan xəbər verir ki, yoxsulluq səviyyəsinə görə, ölkəmizdə vəziyyət mənfur qonuşumuz ilə müqayisədə ən azı 7 dəfə yaxşıdır”.
Vüqar Bayramov deyib ki, Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 17.9 faizdir:
“Beynəlxalq hesabatlarda isə bu göstərici 36 faizə yaxın göstərirlir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə işsizlik səviyyəsi cəmi 5.2 faizdir.
Yoxsulluq əhalinin Ermənistanı tərk etməsinə və eləcə də təbii artımın səviyyəsinin neqativ olmasına gətirib çıxarıb. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ölkədə təbii artım mənfi 6 faizdir. Deməli, əhalidə artım deyil, azalma və qocalma müşahidə edilir. Qeyd edək ki, ölkəmizdə təbii artım 13 faizdir”.
İqtisadçı alim onu da qeyd edib ki, Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir: “2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb.
Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Ermənistan isə MDB-də ən pis göstəriciyə malik ölkələrdən hesab edilir”.