Yeni Azərbaycan Partiyası (YAP) artıq bələdiyyə seçkilərinə hazırlıq prosesinə başlayıb. Bu barədə Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib…
Yeni Azərbaycan Partiyası (YAP) artıq bələdiyyə seçkilərinə hazırlıq prosesinə başlayıb. Bu barədə Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, bələdiyyə seçkilərinə bir il qalmış bu istiqamətdə partiyanın fəaliyyət proqramı hazırlanıb: “Bu ilin yanvar ayında həmin proqram YAP İdarə Heyəti tərəfindən təsdiq olunub və təsdiq olunduqdan sonra da artıq bələdiyyə seçkilərinə hazırlıq prosesi gedir. İlk növbədə biz ötən seçkilərdə hər bir məntəqədən müşahidəçilərimiz tərəfindən toplanılan rəylərin, protokolların analizi, hansı dairədə, hansı məntəqədə seçki nəticələrinin necə olmasının təhlili, bizim tərəfimizdən namizədliyi irəli sürülmüş bələdiyyə üzvlərinin və bələdiyyələrin təhlili işləri ilə məşğuluq “.
S.Novruzov qeyd edib ki, bundan sonra hansı bələdiyyələrdə kimlərin namizədliyinin irəli sürülməsi müəyyənləşdiriləcək: “Xüsusilə burada gənclərə və qadınlara üstünlük veriləcək. Çünki prezident seçkiləri zamanı partiyanın gəncləri də, qadınları da həm təbliğat-təşviqat kampaniyasında, həm də müşahidə aparma, imza toplama proseslərində çox fəal şəkildə iştirak ediblər “.
Millət vəkilinin sözlərinə görə, həm gənclərin, həm də qadınların özlərini sınaması üçün, siyasi meydanda özlərini göstərməsi üçün onların namizədliyinə böyük üstünlük veriləcək.
/Trend/