Azərbaycan Aİ ilə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişi təsdiq etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanla Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında ” saziş təsdiq edilib…

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanla Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında ” saziş təsdiq edilib.

Trend xəbər verir ki, sənəd barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sazişin əsas məqsədi Avropa İttifaqı (Aİ) və Azərbaycan vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma müddətini vizaların rəsmləşdirilməsi qarşılılıq prinsipi əsasında sadələşdirməkdir. Vizaların sadələşdirilməsi yalnız Azərbaycan və Aİ-yə üzv dövlətlərin qanun və qaydaları ilə, yaxud digər beynəlxalq sazişlərlə viza tələbindən azad olunmayan Aİ və Azərbaycan vətəndaşlarına tətbiq edilir.

Sənəddə, həmçinin vizanı sadələşdirməkdən imtina, səyahət sənədlərinin tanınması, yaşayış üçün kifayət qədər vəsaitin olmasının sübutu, girişə qadağa və çıxarılma tədbirləri kimi bu sazişin müddəaları ilə tənzimlənməyən məsələlərə Azərbaycan və üzv dövlətlərin milli qanunvericiliyi, eyni zamanda, Aİ qanunları əsasında baxılır.

 

O, qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji əməkdaşlıq münasibətlərini formalaşdırmaq iqtidarındadır.

/Trend/