VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunun növbəti sessiyası “2030-cu ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova minilliyin 8 məqsədinin davamı olaraq 2030-cu ilədək davam edən 17 məqsəd, 169 hədəf, 232 indikatorlardan ibarət DİM-in BMT tərəfindən üzv dövlətlərin hər birinə ünvanlandığını bildirib. Əlavə edib ki, lakin onların reallaşdırılma imkanları siyasi, iqtisadi, sosial, insan hüquqlarının vəziyyətindən asılı olaraq hər ölkədə fərqli səviyyədə həyata keçirilir.
Bildirilib ki, İkinci Dünya müharibəsindən sonra yaranmış BMT öz fəaliyyətinin prioritetləri kimi dünyada sülh, bərabərlik və əməkdaşlığı bəyan edib. BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində ayrı-seçkiliyin yolverilməzliyi prinsipi təsbit olunub. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 100 il əvvəl həmin prinsipi və hüquq bərabərliyini qəbul edərək qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququnu da verib.
Ombudsman deyib ki, Azərbaycan BMT-nin bir sıra konvensiya və sənədlərinə qoşulmaqla yanaşı, DİM-in hazırlanmasında da fəal iştirak edib. Bu sənədin hazırlanması prosesində ölkəmizdə aparılan gərgin müzakirələr nəticəsində toplanan tövsiyələr BMT tərəfindən yüksək dəyərləndirilib və onların çoxu cəmləşdirilmiş şəkildə Məqsədlərdə əksini tapıb.
Diqqətə çatdırılıb ki, DİM-in milli prioritetlərə uyğunlaşdırılması və ölkədə mütəşəkkil, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Milli Əlaqələndirmə Şurası təsis olunub və Katibliyin fəaliyyətinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir. Dövlət nümayəndələrindən ibarət Şuranın 4 ixtisaslaşmış işçi qrupu yaradılıb. Bütün sahələrdə sürətlə irəliləyən Azərbaycan DİM-in gerçəkləşməsində də mühüm uğurlar qazanıb. Bu, özünü dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətin təşviqində, hamının ədalət məhkəməsinə çıxış imkanının təmin edilməsində və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatların qurulmasında, yeni təşəbbüslərin gerçəkləşməsində (“ASAN xidmət”, tolerantlıq, multikulturalizm, Strateji Yol xəritələri) əksini tapıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın bir milyondan çox vətəndaşının hüquqlarının pozulduğunu vurğulayan E.Süleymanova deyib ki, DİM-in həyata keçirilməsi istiqamətində mühüm addımlar atan Azərbaycan üçün sülh və inkişaf çox vacibdir. O, Azərbaycanın DİM-ə çatmaq istiqamətində öhdəlikləri yerinə yetirən ölkələr arasında ilk sıralarda olduğunu vurğulayıb, bu baxımdan Prezident İlham Əliyevin ötən il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamın əhəmiyyətini xüsusi qeyd edib.
BMT baş katibinin hüquq, təhlükəsizlik və təşkilatlar üzrə köməkçisi Aleksandr Zuev belə mötəbər Foruma dəvət olunmasına görə minnətdarlığını bildirib. Bəşəriyyətin tərəqqisi, o cümlədən DİM-ə çatmaq üçün sülhün və inkişafın bir-birindən asılı olduğunu vurğulayan A.Zuev deyib ki, aparılmış təhlillər bir çox hallarda insanların radikallaşmasının və münaqişələrin yaranmasının əsasında insan hüquqlarının pozulmasının dayandığını ortaya çıxarıb. Bu baxımdan cəzaçəkmə müəssisələrində məhkumların hüquqlarının qorunmasının əhəmiyyətini xüsusi vurğulayan A.Zuev Azərbaycanda bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.
Son illər Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan A.Zuev əldə edilmiş uğurlara görə təbriklərini çatdırıb, Forumun önəmini yüksək qiymətləndirib.
Türkiyənin insan hüquqları üzrə baş müvəkkili Şərəf Malkoç Azərbaycana hər səfərində gördüyü sürətli inkişafdan məmnunluğunu bildirib. Dayanıqlı inkişafa dair belə mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan Ş.Malkoç Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradələri ilə həyata keçirilən layihələrin və tədbirlərin mühüm uğurlarla nəticələndiyini qeyd edib. O, bu layihələr arasında bir neçə gün əvvəl açılışı olan STAR neft emalı zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycanın və Türkiyənin birgə reallaşdırdığı nəhəng transmilli layihələr regionda və dünyada sabitliyə, inkişafa və əməkdaşlığa təkan verir.
Dünyada baş verən münaqişələrin böyük insan axınına səbəb olduğunu deyən Ş.Malkoç bildirib ki, Azərbaycan və Türkiyə bu problemlərlə yaxından tanışdır. Azərbaycan müstəqilliyinin ilk illərindən bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb. Türkiyə qonşuluğunda baş verən münaqişə ilə əlaqədar 4 milyona yaxın suriyalını qəbul edib və onların ehtiyacları üçün indiyədək 36 milyard dollar vəsait xərcləyib.
Dünya ictimaiyyətinin münaqişələrin həllinə ikili standartlardan yanaşdığını vurğulayan Ş.Malkoç Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdırıb.
Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisamünaqişələrin DİM-in həyata keçirilməsi üçün ən böyük maneə olduğunu vurğulayıb. Bildirib ki, münaqişələr ölkələrin resurslarını tükəndirir, miqrasiyaya səbəb olur, iqtisadi inkişafa ciddi zərbə vurur. Bosniya və Herseqovinada münaqişənin 23 ildir başa çatmasına baxmayaraq, onun ağır təsirləri hələ də hiss olunur. Ölkədə minlərlə insan iş üçün Avropanın digər ölkələrinə üz tutur. Bu isə ölkənin inkişafına ciddi zərbə vurur.
Milos Prisa DİM-ə nail olunmasında sabitliklə yanaşı, qanunların təkmilləşdirilməsinin, özəl sektorun dəstəklənməsinin, təhsilin səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Qazaxıstanın insan hüquqları üzrə müvəkkili Askar Şakirov Forumun ölkəsi üçün vacib vaxta – DİM ilə bağlı icmal sənədin hazırlanması dövrünə təsadüf etməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Qazaxıstan DİM-in həyata keçirilməsinə böyük önəm verir. DİM-in müddəalarının 61 faizi Qazaxıstanın milli strateji proqramlarında əksini tapıb. Bu istiqamətdə əldə olunan uğurlardan danışan A.Şakirov müstəqillik dövründə Qazaxıstanın ümumi daxili məhsulunun həcminin 20 dəfə artdığını, ölkənin bu sahədə beynəlxalq konvensiya və təşəbbüslərə qoşulduğunu, respublikada mühüm islahatların həyata keçirildiyini deyib.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün Azərbaycan dünyaya multikulturalizm dəyərlərini ixrac edən, beynəlxalq sülhə, təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi tanınır. Bu Forum da Azərbaycanın dünyada humanitar dəyərləri təbliğ etməsinin göstəricisidir. Təəssüf ki, Azərbaycan 30 ilə yaxındır ki, böyük humanitar fəlakətlə üzləşib və bu problem hələ də həllini tapmayıb. Münaqişənin həll edilməməsinin səbəbi ikili standartların tətbiq edilməsidir.
Xarici İşlər Nazirliyinin Humanitar Siyasət İdarəsinin rəisi Əlimirzamin Əsgərov bildirib ki, Azərbaycan DİM-i milli inkişaf strategiyasında nəzərə alaraq yaxşı idarəetməni, davamlı inkişafı və qanunun aliliyini gücləndirən, insan hüquqlarına hörməti, ictimai xidmətlərin asanlığını təmin edən genişmiqyaslı proqramlar həyata keçirib, inklüziv cəmiyyətlərin qurulmasını təbliğ edir. Düzgün təhsil, sosial-iqtisadi irəliləyiş və gender bərabərliyi olmadan inkişafa nail olmaq mümkün deyil. Bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, gender bərabərliyini və ailələri dəstəkləmək məqsədini daşıyır.
Qeyd olunub ki, Azərbaycan hökuməti vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması yolunda ardıcıl tədbirlər həyata keçirir. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan sosial inklüzivlik indeksinə görə üçüncü yerdədir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin DİM-in həyata keçirilməsinin əsasını təşkil etdiyini deyən Ə.Əsgərov bildirib ki, yenilikçi texnologiyalar və yanaşmalar bu sahədə mühüm uğurların əldə edilməsinə imkan verib. Dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və yaxşı idarəçilik sahəsində mühüm işlərdən biri də dövlət qulluğuna qəbulun şəffaflaşdırılmasıdır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.