Azərbaycan koronavirusa qarşı mübarizəyə ilk başlayan dövlətlərdən biridir

“Dünya ölkələri koronavirusa qarşı mübarizə aparır və Azərbaycan bu mübarizəyə ilk başlayan dövlətlərdən biridir”. 
Bunu “Sherg.az”a tarixçi-alim, AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı deyib. 
Ekspertin fikrincə, hamı dövlətin çağırışına, qayda-qanunlara əməl etməlidir: 

“Sadəcə olaraq bəzi insanlarda məsuliyyətsizlik hissi mövcuddur. Onlar başa düşmürlər ki, təkcə özlərini riskə atmırlar. Eyni zamanda öz ailələrini, qohum-əqrabalarını, ətrafdakıları da təhlükəyə atırlar. Buna görə də onların hərəkəti qınanmalıdır. O cür adamlara tərbiyəli təsiretmə mexanizmi olmalıdır ki, onlar məsələnin ciddiliyini başa düşsünlər. Amma burada bir məqam var. Neçə illərdir, həkimlər siqaretin insana ziyan vurduğunu deyirlər. Buna rəğmən, heç kim siqaretdən imtina etmir. Deməli, insan psixologiyasında mənfiyə meyillilik var. Məsələn, televiziyada, qəzet və saytlarda yaxşı xəbər olanda heç kim baxmır, amma pis xəbər olan kimi hamı dərhal baxır və oxuyur. Yəni  söz dinləməmək, pisə yönəlmək bir qədər insanın xislətində var. Ancaq istənilən halda biz təbliğatı qurmalı və maarifləndirməni düzgün aparmalıyıq. Tək yol təbliğatı gücləndirməkdir”. 
M.Zülfüqarlının sözlərinə görə, həm maarifləndirmə, həm də cərimələmə paralel aparılmalıdır: 
“Əlbəttə, sadəcə təbliğata əməl etməyənlər də var. Onları cərimələmək yolu ilə qaydalara tabe etdirmək lazımdır. Bəzi adamlar söz dinləmir, amma pulu əlindən alınan kimi düzəlir. Ona görə də təbliğatla yanaşı, maarifləndirməni də paralel davam etdirmək lazımdır”.

Sherg.az

Paylaş