Azərbaycan Latviyaya etiraz notası təqdim edib

Rəsmi Bakı Latviyanın orta məktəb dərsliklərində Azərbaycanın işğal edilmiş əraziləri haqqında səhv məlumat verilməsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib…

Rəsmi Bakı Latviyanın orta məktəb dərsliklərində Azərbaycanın işğal edilmiş əraziləri haqqında səhv məlumat verilməsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Latviyadakı səfirliyindən bildiriblər.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyinə yol verilmiş səhvlə əlaqədar rəsmi Bakının narazılığını çatdırıb.

Səfir daha əvvəl yol verilmiş səhvi şərh edərkən Trendə bildirmişdi: “New World Geography ” dərs vəsaitində Qarabağ Azərbaycanın tərkibində göstərilir. Burada bizi narahat edən məsələ həmin məlumatda separatçıların bayrağının göstərilməsidir “.

E.Zeynalov deyib ki, bu, bizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən həmin nəşrdə çap edilib: “Təbii ki, biz bu məsələ ilə hal-hazırda çox ciddi məşğuluq. Həmin nəşriyyatda həmçinin Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilər haqqında da yazılıb. Aydın məsələdir ki, bu, bir xətdir və biz bilirik ki, bunu kimlər edir. Biz bu məsələni çox ciddi qəbul elədik. Çünki orada bir bayraq çap olunub. O bayraq heç bir ölkə tərəfindən qəbul olunmur “.

Səfirin sözlərinə görə, məsələ ilə bağlı GUAM tərəfindən də tədbir görülməsi üzərində iş gedir: “Bu məsələ ilə bağlı Gürcüstan, Moldova və Ukrayna səfirləri ilə də söhbət aparmışıq “.

/Trend/