Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyət gərgin olaraq qalır…

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı və Şıxlar, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, fevralın 5-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun bir əsgəri və zabiti şəhid olub.

/Trend/