Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb…
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, 2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq, prezident Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına qərar verib.
Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə isə Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tövsiyə edilib.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub./Apa/