“Azərbaycan ” şeiri saxta deyil! – Azərbaycanlı alim iranlı Əsğər Fərdinin CAVABINI verdi

Məsiağa Məhəmmədi,
Şərqşünas, filologiya üzrə fəlsəfə doktoru…

Məsiağa Məhəmmədi,
Şərqşünas, filologiya üzrə fəlsəfə doktoru

Çox hörmət etdiyim Modern.az saytında tanınmış alim kimi təqdim edilən Əsğər Fərdinin (hərçənd o, doğrudan da, tanınmış simadır, amma alim kimi yox!) Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan ” şeiri (daha dəqiqi, şeirin Fikrət Sadıqa məxsus tərcüməsi) ilə bağlı bir həftə ərzində iki yazısı dərc olunub. Hər iki yazıda azərbaycanlılar arasında çox populyar olan bu şeirin saxta olduğu, Şəhriyara aidiyyəti olmadığı iddia edilir. Deyəsən, bu iddiaya inananlar da tapılıb. Odur ki, məsələyə münasibət bildirməyi lazım bildim.

Öncə onu deyim ki, dəyərli şairimiz Fikrət Sadıqın Şəhriyardan etdiyi həmin tərcüməni vaxtilə mən də tənqid etmişəm, tərcümənin bəzən orijinaldan uzaqlaşdığını, müəyyən məqamlarda şair F.Sadıqın mütərcim F.Sadığı üstələdiyini vurğulamışam. Burada o vaxt demədiyim bir məsələni də qeyd edə bilərəm: “Azərbaycan ” şeirinin tərcüməsi həm də naqisdir, yəni mütərcim orijinaldakı 4 beyti “ötürüb “. Farsca mətn 15 beyt olduğu halda, Azərbaycan dilinə tərcümə 11 beytdir!

Amma bütün bunlara baxmayaraq, şeir heç də Ə.Fərdinin dediyi kimi, saxta deyil, yəni ortada hansısa falsifikasiya faktı yoxdur. Bəlkə də o, tərcüməni qüsurlu və yarımçıq adlandırsaydı, onunla birtəhər  razılaşmaq olardı. Lakin onun: “Böyük ehtimalla saxta “Azərbaycan” şeirinin müəllifi elə Firkrət Sadıqın özüdür “, “…Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur. Onun farsca yazıldığı və guya Fikrət Sadığın tərcümə etməsi ağ yalandır” kimi fikir və hökmləri ilə heç cür razılaşmaq olmaz, necə deyərlər, bu yerdə, onun özü əməlli-başlı ağ eləyib.

Ədalət naminə demək lazımdır ki, qeyd olunan çatışmazlıqları ilə bərabər, F.Sadıq “Azərbaycan ” şeirini bütövlükdə uğurla tərcümə edib, Şəhriyarın Azərbaycanla bağlı ağrısını, özü demişkən, fəryadını verə bilib, müəllifin mesajını çatdırıb, mətnin ümumi ruhunu ifadə etməyə nail olub. Onun sərbəstliyə vardığı məqamlar da həmən ruhdan doğur, orijinalın əsas havasına zidd deyil. Eyni zamanda, mütərcimin bir sıra beytləri orijinala sadiqlik baxımından kifayət qədər dəqiq çevirdiyini də qeyd etmək lazımdır. Məsələn, bu beyti:

Qurtarmaqcün zalımların əlindən Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Yaxud “Vətən eşqi məktəbində can verməyi oyrənmişik ” misrası eynən orijinaldakı kimidir: “Dər məktəbe-eşğe-vətən can baxtən amuxte “.

Bir sözlə, tərcüməçini yalnız şeiri tam tərcümə etmədiyinə, bəzən də sərbəstlik etdiyinə görə qınamaq olar, saxtakarlığa görə yox! Bir də sərbəstlik digər poetik tərcümələrdə də geniş rastlanan haldır, yalnız F.Sadıqın tərcüməsilə məhdudlaşan fakt deyil. Amma, görünür, Ə.Fərdinin tərcümə anlyışı çox məhduddur. Bunu onun təqdim etdiyi sətri tərcümədən də görmək olur. Belə ki, Ə.Fərdi də sətri tərcümədə orijinaldakı bir beyti (F.Sadıqın ixtisar etdiyi beytlərdən birini) “yaddan çıxarıb “. Üstəlik, onun sətri tərcüməsi də xətalardan xali deyil. Belə ki, o, şeirin 2-ci beytində müxatəbi, yəni müraciət obyektini dəyişdirib; beytdə Azərbaycana müraciət olunmur. Daha 2 beyti (orijinalda 5-ci və 10-cu beytlər) isə qeyri-dəqiq tərcümə edib. Həmin beytlərdə uyğun olaraq, Xosrov və Şirin, Zöhhak və Kavə süjetlərinə işarə ilə obrazlar yaradılmışdır, amma sətri tərcümədə həmin obrazlılıq yarımçıq və yayğın hala gəlmiş, yaxud da itmişdir. Məsələn, 5-ci beyti Ə.Fərdi belə çevirib:

Bisütun inqilabda, şirin-şəkər vətən üçün 
Külüng vurmuş Fərhad kimi zaman-zaman Azərbaycan.

Halbuki dəqiq tərcümə belədir:

İnqilab Bisütununda vətən Şirininin şövqü ilə
Azərbaycan Fərhadı öz başına çox külüng vurub.

Göründüyü kimi, Ə.Fərdinin “Bisütun inqilabda ” ifadəsi anlamsız, “şirin-şəkər ” ibarəsi isə yersizdir. Onun bəyənmədiyi F.Sadıq tərcüməsində isə beytin mənası daha dəqiq verilib:

Bisütuni-inqilabda Şirin – vətən ucun Fərhad
Külüng vurmuş oz başına, zaman-zaman, Azərbaycan!

Əlbəttə, əgər Ə.Fərdi, deyildiyi kimi, filoloqdursa, belə yanlışlığa yol verməməli idi. Ən maraqlısı odur ki, Ə.Fərdi sətri tərcüməsinin sonuncu və sondan 3-cü beytlərində elə F.Sadıqın tərcüməsindən istifadə edib! Hələ onu demirik ki, farsca mətnin transkripsiyasında da bir sıra səhvlər müşahidə olunur.

Ə.Fərdi “Azərbaycan ” şeirinin farscadan sətri tərcüməsinin F.Sadıq üçün gah Həmid Məmmədzadə və Qulamhüseyn Beqdeli, gah da Əhməd Şəfai tərəfindən edildiyini bildirir. Adı çəkilən rəhmətliklər fars dilini heç də Ə.Fərdidən pis bilmirdilər, üstəlik Ə.Şəfai özü fars idi, fars dilçiliyi üzrə professor rütbəsi daşıyırdı və ana dilində yazılmış mətndə nə deyildiyini yaxşı anlayırdı.

Hər halda, bütün bu çıxışları ilə Ə.Fərdini, düşünürəm ki, heç də professional tərcüməçilik problemləri, adekvat tərcümə məsələləri maraqlandırmır, onun niyyəti ayrıdır. Əgər bu məsələlər onu belə maraqlandırırsa, getsin İranda Azərbaycan tarixi, dili, mədəniyyəti, kimliyi ilə bağlı baş alıb gedən saxtakarlıqlara münasibət bildirsin. Hərçənd bunu ondan gözləmək də düzgün deyil, çünki özü həmin işlərin iştirakçısı, bəzi hallarda təşkilatçısıdır.

Ə.Fərdinin niyyəti Şəhriyarı irançı biri kimi göstərməkdir, onun “Azərbaycan “a etirazı da burdan qaynaqlanır. Lakin bu məsələdə birmənalı mövqe sərgiləmək özünü Şəhriyar yaradıcılığının bilicisi kimi təqdim edən şəxsə yaraşmaz. Həmin mövzuda Şəhriyarın baxışları kifayət qədər mürəkkəbdir. Şəhriyar irançıdırsa da, Azərbaycan mərkəzli irançıdır. “Azərbaycan ” şeirinin farscasını Şəhriyarın öz ifasında dinləyin (https://www.youtube.com/watch?v=_HpJhjh3vLA). Orada özü izahat verir ki, Azərbaycan İranın mərkəzidir, ona görə də özünə layiq münasibət görməlidir. Elə həmin şeirdə Tehran hakimiyyətinin, “İran-mədarların ” Azərbaycana ögey münasibətindən söz açır. Şəhriyarın bu qədər Azərbaycançılığı bizə yetər və Əsğər Fərdi kimilər bunu ört-basdır etməyə cəhd etməsinlər, faydası yoxdur.

 

/Milli.az/