Saziş imzalanıb…
Saziş imzalanıb.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendsen arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iki ölkə arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə “Azərbaycan Respublikası hökuməti ilə Norveç Krallığı hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası hökuməti ilə Norveç Krallığı hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb.
İmzalanmış sənədlər Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını və Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən, yaxud bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur.
XİN-in açıqlamasında deyilir ki, sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.