Musa Qasımlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor…
Musa Qasımlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor
Ermənistan yenidən Azərbaycana qarşı əsassız
ərazi iddiası qaldırır.
Kəmərli hadisəsi
1984-cü ildə Ermənistan rəhbərliyi Qazax rayonunun Kəmərli kəndinin 1675 ha ərazisinə iddia irəli sürdü. Həmin ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşirdi. Kəmərli əhalisi həmin əsassız iddiaya etiraz edərək azərbaycanlı kənd rəhbərlərinin evlərini daşa basmışdılar. Erməni iddialarını dayandırmaq üçün kənd əhalisi rayon rəhbərliyinə, Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdilər. Hətta həmin ilin oktyabr ayının birinci yarısında Moskvaya üç nəfərdən ibarət nümayəndə heyəti də göndərmişdi. Onlar Sov.İKP MK-da olmuşdular. Lakin Moskvaya müraciətin nəticəsi olmamışdı. Onlara aydın cavab verilməmişdi. Moskva torpaqların Azərbaycandan qopardılması göstərişini vermişdi.
Oktyabrın 24-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V.Movsesyan, Ermənistan KP MK Noyemberyan rayon partiya komitəsinin katibi P.Mamyan, cəmi 8 nəfər Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəldilər. Onlar Ermənistanın əsasız iddia etdiyi meşə massivinə yerində baxmaq istəyirdilər. Bu, kənd əhalisini hiddətləndirdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan Kəmərli kəndinin 150 nəfər sakini, əsasən qadınlar, gənclər, uşaqlar onlarla görüşə gəldilər. Kənddən təxminən 3,5 km aralıda maşınları qarşılayaraq yolunu kəsən əhali etirazını bildirdi. Torpaqların verilməsi səbəblərini soruşdu. Rasizadə həmin ərazi barədə iki respublika nümayəndələrindən ibarət yaradılacaq komissiya tərəfindən son qərar veriləcəyini dedi. Kəndin rəhbərləri ərazinin Ermənistana verilməsinin nəzərdə tutulduğunu söyləyirdilər. Əhali Rasizadə, Movsesyan, Süleymanov, Mamyan və Mehrabyanın oturduqları iki maşını əhatə etdilər. Məsul şəxslər maşından çıxanda əhali onları təhqir etməyə başladı. Rasizadə, Movsesyan, Mehrabyan və Eyyubovu döydülər. Sonra onları zorla Kəmərli kənd klubuna gətirdilər. Məcbur etdilər ki, belə bir rəsmi akt imzalasınlar: «Torpaq Kəmərli kəndinə məxsusdur və ondan alınmayacaqdır». Onlar əhalinin tələbini yerinə yetirdilər. Yalnız bundan sonra həmin adamları klubdan çölə buraxdılar. Klubda qayda yaratmaq istəyən Kəmərli kənd sovetinin sədri döyüldü. Zədə aldığından xəstəxanaya aparıldı. Qarışıqlıq yarandı. Məsələ böyüdü. Əhali imzalanmış sənədi aldıqdan sonra rəsmi şəxsləri kənddən qovdu.
Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edildi. İclası MK-nın birinci katibi Kamran Bağırov açdı. Bildirdi ki, baş verən münaqişə yerli əhali arasında qeyri-sağlam millətlərarası münasibətlərin, uzun müddət yığılıb qalmış qarşılıqlı ərazi iddialarının nəticəsidir. K.Bağırov baş vermiş hadisə üçün yerli rayon rəhbərliyini və Rasizadəni təqsirləndirdi. Eyni zamanda, məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi: “… Sov. İKP MK bizim qarşımızda məsələni həll etmək və geniş planda həll etmək vəzifəsini qoymuşdur”. İclasda Rasizadə çıxış etdi. Onun nitqindən aydın olur ki, indiyədək Azərbaycan ilə Ermənistan arasında 11 məntəqədə ərazi məsələsi həll edilmişdi.
Gərgin keçən müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi. Rasizadəyə töhmət verildi. Bəzi azərbaycanlı rəsmi şəxslər cəzalandırıldılar, partiya sıralarından çıxarıldılar. Ermənistan əsassız ərazi iddiasını təmin etdi.
Ermənistan Azərbaycana qarşı hərbi müdaxilə astanasında
Şirnikləşən Ermənistan rəhbərliyinin təşviqi ilə erməni millətçi alim, yazıçı, şair və jurnalistlərinin Azərbaycan və Türkiyə əleyhinə yazdıqları kitabların nəşri çoxalırdı. Erməni dairələri bir neçə istiqamətdə fəaliyyət göstərirdilər. Ermənistan rəhbərliyi ilk növbədə tarixdə heç bir zaman olmayan uydurma “soyqırım” məsələsini yenidən qaldırdılar. Ermənistan KP MK sovet rəhbərliyindən 24 aprel gününü «Soyqırım qurbanlarının xatirə günü» kimi qeyd etməyə icazə almağa çalışırdı. Bu məqsədlə Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-ya müraciət edərək Ermənistan SSR Ali Sovetinin müvafiq fərmanının qəbul olunmasına Siyasi büronun razılıq verməsini istədi. Həmin müraciət Sov.İKP MK Siyasi bürosunun 1985-ci il fevralın 21-də keçirilən iclasının gündəliyinə daxil edildi. İclasda «Erməni soyqırımının 70 illiyi ilə əlaqədar tədbirlər haqqında» məsələ müzakirə olundu. Sov.İKP MK-nın baş katibi K.Çernenko xəstə olduğundan iclası MK katibi M.S.Qorbaçov aparırdı. Müzakirələr qızışdı. M. Qorbaçov Ermənistan rəhbərliyinin istəklərinin yerinə yetirilməsinə, məsələ barədə qərarın qəbul edilməsinə çalışırdı. Siyasi büronun bəzi üzvləri də ona tərəfdar çıxırdılar. SSRİ xarici işlər naziri A.Qromıko söz aldı. Məsələnin müzakirəsinin hissiyyata qapılmadan keçirilməsini təklif etdi. Bildirdi ki, həmin dövrdə törədilən hadisələrdə Osmanlı Türkiyəsi ilə yanaşı çar Rusiyasının da günahı vardır. O, konkret faktlar və məntiqi dəlillər gətirərək bu məsələyə dair qərarın qəbul edilməsinin əleyhinə çıxdı.
Çıxış edən SSRİ Nazirlər Sovetinin sədri N.Tixonov da Ermənistan KP-nin təkliflərinin qəbul olunmasının əleyhinə danışdı. Təklifləri oxuyanda həyəcanlandığını söylədi. Bildirdi ki, SSRİ-nin Türkiyə ilə münasibətləri yenicə qaydaya düşür, Türkiyə rəhbərləri SSRİ-ni dost ölkə adlandırırlar. Tixonov ötən il Türkiyəyə səfəri zamanı türk dövlət və hökumət başçılarının Ermənistandakı antitürk əhval-ruhiyyəni onun diqqətinə çatdırdıqlarını, şikayət etdiklərini dedi. SSRİ Nazirlər Sovetinin sədri türklərin Bosfor və Dardanel boğazlarından «qıfıl asmaq» imkanları olduğunu da xatırladaraq bu məsələyə dair qərarın qəbul edilməsini ölkənin milli maraqları baxımından ziyanlı hesab etdi. Nəticədə gərgin müzakirələrdən sonra Ermənistan rəhbərliyinin təklifləri qəbul edilmədi.
Təklif rədd edilsə də, erməni dairələrinin fəaliyyətinə başqa bir istiqamətdə şərait yaradıldı. Sovet mətbuatında antitürk yazıların çapı çoxaldı. Xüsusən Ermənistanda nəşr edilən ədəbi jurnallarda güclü antitürk təbliğatı aparılırdı.
Türkiyəyə qarşı əsassız iddialarını reallaşdıra bilməyəcəklərini dərk edən Ermənistan rəhbərliyi 80-ci illərin ortalarında xarici ölkələrdəki ermənilərin Ermənistana köçürülməsi məsələsini qaldırdı. Bu dəfə sovet hökuməti həmin təklifi bəyəndi. SSRİ Nazirlər Soveti 1985-ci il iyunun 20-də «1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında» qərar qəbul etdi.
Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu erməni köçürüldü. Onlar özləri ilə qatı millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırırdılar.
Ermənistan bununla da kifayətlənmədi. Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan 1986-cı ilin noyabr ayında Sov.İKP MK-ya məxfi bir məktub yazdı. Məktubda göstərirdi ki, Ermənistanda sovet hakimiyyəti qurulduğu ilk illərdən Sov.İKP MK-nın qərarları ilə müxtəlif xarici ölkələrdən ermənilərin repatriasiyası həyata keçirilmiş, sovet hakimiyyəti illərində Ermənistan SSR-ə xaricdən 230 min nəfərdən çox erməni gətirilmişdir. Dəmirçiyan yazırdı ki, məlumata görə, Yaxın və Orta Şərq ölkələrində (İran, Suriya, Livan, İraq, İordaniya) yaşayan ermənilər içərisində Ermənistan SSR-ə daimi yaşamaq üçün gəlmək istəyənlər vardır. Məktubun sonunda o, “repatriasiyanın mühüm siyasi əhəmiyyətini nəzərə alaraq Ermənistan KP MK və SSRİ Nazirlər Sovetinin 1985-ci il 25 iyun tarixli “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərarının fəaliyyət müddətinin 1990-cı ilin sonunadək uzadılmasını” xahiş edirdi.
Məktubla tanış olan Sov.İKP MK katibi Y.Liqaçov 1986-cı il 22 noyabr tarixdə “MK-ya təklif hazırlayın” dərkənarı yazaraq MK-nın şöbə müdirləri N.İ.Savinkinə və Y.Z.Razumovskiyə göndərdi. Tapşırığı yerinə yetirən Sov.İKP MK-nın inzibati orqanlar şöbəsinin müdiri N.Savinkin və MK-nın partiya-təşkilat işi şöbəsinin müdir müavini N.Zolotaryev 1987-ci il mayın 7-də MK-ya müvafiq məxfi məktubla müraciət etdilər. Məktubda deyilirdi ki, Sov.İKP MK-nın şöbələri tərəfindən sovet əhalisi içərisində mühacirət əhval-ruhiyyəsinin olması barədə təkliflər hazırlanmışdır. Həmin materiallarda ermənilərin SSRİ-yə repatriasiya edilməsi barədə məsələyə də toxunulur. Qeyd edilənləri nəzərə alaraq Ermənistan KP MK-nın müraciətinə yuxarıda göstərilən bütün materialın müzakirəsi zamanı son olaraq baxılması mümkün hesab edilirdi. Məktubla tanış olan Y.Liqaçov, A.Lukyanov, Y.Razumovski, A.Dobrınin və b. “razılaşdırılsın” dərkənarını yazdılar.
Qeyd etmək lazımdır ki, SSRİ-yə köçmək istəyən ermənilər kommunist və ya sosialist deyil, daşnaklar, sovet hakimiyyətinə düşmən olanlar idi. Onların bir çoxu SSRİ-ni dağıtmağa çalışan xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdilər. Həmin müraciətin yerinə yetirilməsi təxirə salınsa da, erməni dairələrinin əl-qolu daha geniş açıldı. Xarici ölkələrdən ermənilər Ermənistan SSR-ə gəlməyə başladılar. Onlar özləri ilə SSRİ-nin mövcudluğunda mühüm rol oynayan milli münasibətlər baxımından ən zəif yer olan Cənubi Qafqaza qatı millətçilik, düşmənçilik, kin-küdurət gətirdilər. Bu zəncirdə ən zəif həlqə erməni – azərbaycanlı münasibətləri idi.
NATO üzvü olan Türkiyəyə qarşı iddialarının bir çox səbəblər üzündən nəticə verməyəcəklərini başa düşən erməni dairələri hədəf kimi Azərbaycanı seçdilər. Lakin Heydər Əliyev Kremldə işlədikcə erməni iddialarının reallaşdırılması mümkün deyildi. M. Qorbaçov və erməni xadimlər Heydər Əliyevə qarşı çıxış edirdilər. Onlar məqsədlərinə çatmaq üçün Heydər Əliyevin üzərinə total böhtan dolu hücuma keçdilər. Sov.İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 1987-ci il oktyabrın 21-də keçirilən Sov.İKP MK plenumunda vəzifəsindən azad edildikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi və noyabrın 18-də “Humanite” qəzetində çap olunmuş çıxışı gərginlik yaratdı. O, guya Dağlıq Qarabağın əlaqəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə sovet rəhbəri M.Qorbaçovun razılığını aldığını bildirdi. Tezliklə xarici ölkələrdəki erməni mətbuatı və radiostansiyalarının başlıca mövzusuna çevrilən həmin bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları və Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi genişləndi. 1987-ci ilin noyabrında ermənilərin nümayəndələri Moskvaya gedərək əsassız tələblərini irəli sürdülər. Elə həmin ayda Ermənistanda Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edildi. Bunun nəticəsində azərbaycanlılar qaçqına çevrilərək Azərbaycana gəlməyə başladılar. 1988-ci ilin yanvarında artıq Azərbaycanda Ermənistandan qovulan 4 min azərbaycanlı var idi. Həmin ilin fevralında Ermənistandan nümayəndələr yenidən Moskvaya səfər edərək sovet orqanları qarşısında əsassız tələblərini irəli sürdülər. 1988-ci il fevralın 11-də isə Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Az sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlandı.
“KarabakhİNFO.com”