Azərbaycanda 4 günlük iş həftəsi – Deputatlar bu təklifə “hə” deyirmi?

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 4 günlük iş həftəsinə keçməyi təklif edib…

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 4 günlük iş həftəsinə keçməyi təklif edib.

Təşkilat hesab edir ki, dördgünlük iş həftəsinin ətraf mühitə daha yaxşı təsir edər, enerjiyə qənaət imkanı yaradar, hava çirkləndirilməsinin qarşısı alınar. Bəzi biznes strukturları, o cümlədən, Google bu təklifi dəstəkləyir.

Modern.az saytı Azərbaycanda belə bir təklifin həyata keçmə ehtimalını öyrənmək üçün Milli Məclisin deputatılarını sorğulayıb:

Hadı Rəcəbli: “Beynəlxalq Əmək Təşkilatı (BƏM) deyir ki, 4 günlük iş olsa da, iş saatı 8 yox, 12 saat olsun. Müxtəlif dövrlərdə həmişə iş saatı haqqında söhbət gedib. 3 gün istirahət etmək təbii ki, yaxşıdır. Amma bunu bütün iş sahələri üçün demirlər. BƏM ola bilsin ki, bunu müxtəlif məmur vəzifələri üçün nəzərdə tutur. Hardakı gərgin əməyə ehtiyac yoxdur. Əmək tutumlu, zəhmət tələb eləyən, fiziki cəhətdən ağır olan işlərdə bu mümkün deyil. Azərbaycanda belə bir təklif irəli sürülə bilər. Amma bir şərtlə ki, iş yerləri müəyyənləşsin ki, hansı iş yerlərində mümkündür. Məsələn, oteldə reception var, onlar bir gün işləyirlər, bir gün yox. Amma fiziki cəhətdən gərgin olan işlərdə bunu etmək olmaz”.

Məlahət İbrahimqızı: “Həftədə 4 günlük iş rejimi inanmıram ki, hər hansı bir dövlətdə qəbul olunsun. Bütün dünyada qlobal böhranın olduğu bir dövrdə 4 günlük iş rejimi dövlətlərin iqtisadiyyatına ağır zərbə vurar. İqtisadiyyatın ağır vəziyyətdə olması həmin ölkənin əhalisinin rifahını sual altına alır. İnanmıram ki, belə bir təklif dəstəklənsin. Mən özüm də 4 günlük iş rejiminin əleyhinəyəm”.

Musa Quliyev: “Mən bunu nə Azərbaycan, nə də dünya üçün real hesab edirəm. Ayrı-ayrı sektorlarda bunu etmək olar. Amma bütövlükdə əmək sahəsində bunu etmək olmaz. Azərbaycanda istirahət günlərinin  sayı kifayət qədər çoxdur. 4 günlük iş sisteminə keçmək, həm iqtisadiyyatı, həm də istehsalatı zəiflədəcək. Buna heç bir zərurət də yoxdur. Bunu iş yerlərinin o qədər də çox olmadığı ölkələr istəyə bilər”.

 

/Modern.az/