Azərbaycanda aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun nəticələri açıqlanıb

Azərbaycanda son 5 ildə neonatal ölüm 21%, postneonatal ölüm 33%, körpə ölümü 25%, beş yaşadək ölüm isə 20% azalıb…

Azərbaycanda son 5 ildə neonatal ölüm 21%, postneonatal ölüm 33%, körpə ölümü 25%, beş yaşadək ölüm isə 20% azalıb

 

Azərbaycanda 2011-ci ildə aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS-2011) nəticələri açıqlanıb.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, DSS-2011 Azərbaycanda əhali, sağlamlıq və qidalanma üzrə mövcud vəziyyətin əsas göstəricilərini əks etdirir. Tədqiqatın nəticələri milli (şəhər və kənd) və iqtisadi rayonlar üzrə təqdim olunur. Sorğunun əhatə etdiyi 9 iqtisadi rayona Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan daxildir.

 

Sorğu 7041 ev təsərrüfatında, 15-49 yaşlı 9381 qadın arasında keçirilib. Sorğu zamanı ev təsərrüfatlarının xüsusiyyətləri, sosial-iqtisadi göstəricilər, antropometriya, təhsil, körpə və 5 yaşadək uşaq ölümü, ana və uşaqların sağlamlığı, gender münasibətləri və qadınların ailədə səlahiyyətləri, fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı, QİÇS, cinsi yolla yayılan xəstəliklər (bilik, münasibət və davranış) barədə məlumatlar əldə edilib. Sorğu nəticələri bütün ölkə üçün representativ sayılır.

 

DSS-2011-in nəticələrində məlum olub ki, sorğuya əsasən öyrənilən son 5 il ərzində uşaq doğulmasında və bütün fertillik əmsallarında həmin dövrdən əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. 2006-cı ildə keçirilmiş analoji sorğunun nəticələri ilə müqayisədə neonatal ölüm 21%, postneonatal ölüm 33%, körpə ölümü 25%, beş yaşadək ölüm isə 20% azalıb. DSS-2006 ilə müqayisədə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 28,5% azalıb.

 

Qeyd edək ki, Demoqrafiya və Sağlamlıq Sorğusu “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində 2011-ci ildə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilib. Demoqrafiya və Sağlamlıq Sorğuların ölkədə vaxtaşırı keçirilməsi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, habelə bununla bağlı BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün zəruri şərtlərdən biridir. Azərbaycanda ilk dəfə belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən aparılıb.

 

Apa.az