Azərbaycanda daşınmaz əmlak üzərində hüquqları təsdiq edən arayışların verilməsi müddəti beş dəfə azaldılıb

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların və ya onların məhdudlaşdırılmasının dövlət qeydiyyatı haqqında yazılı və elektron arayışların, eləcə də mənzil planının verilməsi müddətləri beş gündən bir günədək azaldılıb…

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların və ya onların məhdudlaşdırılmasının dövlət qeydiyyatı haqqında yazılı və elektron arayışların, eləcə də mənzil planının verilməsi müddətləri beş gündən bir günədək azaldılıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Qanuna müvafiq dəyişikliklər çərşənbə günü rəsmi mətbuatda dərc olunub.

Bundan əlavə, qanuna 5.1-2 və 5.6 maddələr əlavə edilib. Həmin maddələr real zaman rejimi ilə daşınmaz əmlakla bağlı arayışların verilməsini və bununla bağlı notarial orqanların fəaliyyətini, həmçinin daşınmaz əmlakın dövlət reyestrindən arayışların real zaman rejimi ilə notarial strukturlara ötürülməsini və informasiya mübadiləsini tənzimləyir.

Bundan başqa, dövlət başçısı bu dəyişikliklərin tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənədə görə, qanunun 5.6 maddəsində nəzərdə tutulmuş arayışların elektron mübadiləsi sisteminin bir ay müddətində təmin edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinə qanununun 5.6-cı maddəsində nəzərdə tutulmuş qarşılıqlı əməkdaşlığın və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi qaydasını, həmçinin elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələbləri bir ay müddətində müəyyən etmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında yaranmış hüquqlara dair məlumatların 2015-ci il iyul ayının 1-dək daşınmaz əmlakın dövlət reyestrinin elektron məlumat bazasına daxil edilməsini başa çatdırmaq və bu barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpaq sahələri üzərində əvvəl yaranmış hüquqlara dair sənədlərin və məlumatların altı ay müddətində Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Tarif (qiymət) Şurasına daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin və məlumatların elektron formada verilməsinə görə ixtisaslaşdırılmış hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin tariflərini müəyyən etmək həvalə olunub.

Əmlak Məsələləri Dövlət Komitəsi yaxın vaxtlarda daşınmaz əmlakla bağlı arayışların ( 1№ li forma) onlayn verilməsi xidmətinin işə salınmasına hazırlaşır.

 

Trend.az