“İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilən 2013-cü ildə ölkədə əhalinin yaşadığı ərazinin 98%-i rəqəmsal yayımla təmin edilib, ucqar ərazilərin də rəqəmsal yayımla əhatə olunması istiqamətində işlər gedir”…
“İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilən 2013-cü ildə ölkədə əhalinin yaşadığı ərazinin 98%-i rəqəmsal yayımla təmin edilib, ucqar ərazilərin də rəqəmsal yayımla əhatə olunması istiqamətində işlər gedir”.
APA-nın verdiyi məlumata görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov söyləyib.
İ.Məmmədov artıq 50 min elektron imza istifadəçisinin olduğunu, eyni zamanda keçən il Azərbaycanda vahid nömrə sisteminə keçildiyini bildirib: “Kənddə də, Bakıda da, o cümlədən mobil nömrələr də yeddi rəqəmlidir. Azərbaycanda “ağıllı şəbəkə” qurulmasına nail olunub. Eyni zamanda mobil telefonların qeydiyyat sistemi yaradılıb, oğurlanmış mobil telefonların şəbəkələrə qoşulmasının qarşısı alınıb”.
Nazir müavini bir sıra hallarda istifadəçilərin yüksək sürətli internetdən istifadə ilə bağlı şikayətlərinə də toxunub. Onun sözlərinə görə, genişzolaqlı yüksəksürətli internetlə bağlı problemin səbəbi köhnə kabellərlə bağlıdır: “Əgər mənzil uzaqdadırsa, mis naqillə gedirsə, internetin sürətində problem olur. Bu şəbəkənin dəyişdirilməsi lazımdır. Yaxın günlərdə bununla bağlı Dövlət Proqramı təsdiqlənəcək. Bu məqsədlə Dövlət Neft Fondu 100 milyon manat vəsait də ayırıb. Həm Bakıda, həm də regionlarda, o cümlədən Naxçıvanda bu işlər həyata keçiriləcək”.
Apa.az