“Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqları müdafiəsi” mövzusunda toplantı keçirilib

Bu gün “Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqları müdafiəsi” mövzusunda toplantı keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, miqrasiya təbii prosesdir:
“Bu prosesin qarşısını almaq mümkün deyil. Sadəcə, doğru tənzimləmə ilə bu prosesi daha düzgün idarə etmək olar. Azərbaycan Respublikası hökuməti istər təhsil, istər biznes və istərsə də hər hansı işgüzar səfər ilə bağlı ölkəmizə gələn bütün miqrantların rahat fəaliyyət göstərməsi üçün şərait yaradıb. Demək olar ki, ölkəmizdə yaşayan miqrantlar Azərbaycan vətəndaşları ilə eyni hüquqa malikdir”.

Qeyd edək ki, dəyirmi masada Ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, BMT-nin ölkəmizdəki Rezident Əlaqələndirici Qulam İshaqza və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov iştirak edib.

APA