Azərbaycanda qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işlərinin ibtidai istintaqı prokurorluq tərəfindən aparılacaq

Azərbaycanda qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işlərinin ibtidai istintaqı prokurorluq tərəfindən aparılacaq. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə (CPM) əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə parlamentə daxil olan “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında ” Azərbaycan Respublikasının Qanunda CPM-in 215.3.1-ci maddəsində “317-1.2 ” rəqəmlərindən sonra “318-1 ” rəqəmlərinin əlavə edilməsi nəzərdə tutulur. Yəni, həmin maddədə göstərilən hallar sırasına Cinayət Məcəlləsinin (CM) 318-1-ci maddəsi də əlavə edilir.

Qeyd edək ki, CPM-in 215.3-cü maddəsində cinayət işləri üzrə ibtidai istintaqın hansı hallarda prokurorluq tərəfindən aparıldığı göstərilir.

Qanunsuz miqrasiyanın təşkili ilə bağlı olan 318-1-ci maddə isə ötən il dekabrın 29-da Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə əlavə edilib.

Həmin maddəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, eləcə də insan həyatı üçün təhlükəli üsulla törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. /Trend/