Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə icazə verilməyəcək…
Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə icazə verilməyəcək. Ölkə daxilindəki ali məktəblərdə bakalavr səviyyəsində tələbə köçürmələri zamanı isə tələbənin qəbul imtahanında topladığı bal nəzərə alınacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni imzalanan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar “a əsasən, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
Ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydaya əsasən, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.
/Trend/