Azərbaycanda tələbələrə akademik məzuniyyətlərin verilmə müddətləri yenidən müəyyənləşdirildi

Azərbaycanda tələbələrin məktəbdən xaric edilməsi, bərpası və akademik məzuniyyətin verilməsi qaydaları açıqlanıb…

Azərbaycanda tələbələrin məktəbdən xaric edilməsi, bərpası və akademik məzuniyyətin verilməsi qaydaları açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni imzalanan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar “a əsasən, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda tələbələr sırasından xaric edilə bilər.

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırışdan

möhlət hüququnu itirirlər. Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir.

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq, Azərbaycanın müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər.

Tələbələrə akademik məzuniyyət müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə görə, ailə vəziyyətinə görə – 2 il müddətinədək, səhhətinə görə – həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə qədər, sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə qədər, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətə qədər akademik məzuniyyət verilir.

/Trend/