“Ölkədə dollar defisiti yarana bilər”…
“Ölkədə dollar defisiti yarana bilər”.
2014-cü ilin dekabrında Bakıda satışa çıxarılan qeyri-yaşayış obyektlərinin sayı əvvəlki ayla müqayisədə 10 faiz artıb.
Oxu.Az “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, “MBA Consulting Group” şirkətinin məlumatına görə, dekabrda satışa çıxarılan obyektlərin sayı 206 ədəd olub.
Noyabrda isə bu rəqəm 187 ədəd təşkil edib. Bundan başqa, dekabrda kommersiya obyektləri bazarında 113 əqd bağlanıb. Bu, noyabrda olduğundan 2,6 faiz azdır.
Bəzi məlumatlara görə, əmlak bazarında belə vəziyyətin yaranması Rusiyada baş verən proseslərlə bağlıdır. Qeyd edək ki, rublun böhranı nəticəsində Rusiyada daşınmaz əmlakın qiyməti aşağı düşüb. Bu isə Azərbaycanda Rusiyada əmlak bazarına diqqəti artırıb. Bəzi məlumatlara görə, Azərbaycandan xeyli iş adamı buradakı obyektlərindən bəzilərini sataraq Rusiyada daşınmaz əmlaka sərmayə qoymağa başlayıb.
Ekspertlər hesab edir ki, bu, Azərbaycan üçün təhlükəli tendensiyadır.
“Azərbaycandan Rusiyanın əmlak bazarına sərmayə qoyuluşu ölkədən şimal qonşumuza dollar axını deməkdir. Bu proses sürətlənərsə Azərbaycanda dollar defisiti yarana bilər ki, bu da manatın mövqelərinin zəifləməsini şərtləndirəcək.
Artıq bu təhlükəni Mərkəzi Bank da etiraf etməyə başlayıb. Mərkəzi Bankın manatın psixoloji təsirlərə məruz qalması barədə açıqlamasının kökündə bu məsələ də dayanır. Təkcə Rusiyanın əmlak bazarında deyil, texniki avadanlıq, avtomobil satışında da ucuzlaşma var. Bu da Azərbaycandakı iş adamlarının diqqətindən qaçmır və ölkədən Rusiyaya texniki avadanlıq və avtomobil almağa gedənlər də var”, – deyə ekspertlər bildirir.