Azərbaycanla Türkiyə arasında sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsi müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib…

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, DSX-nin Aparatında ordu generalı Hulusi Akarın qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Quru Qoşunları Komandanı Şərəf dəftərinə ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verib.

Qonaqlar Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərlə tanış ediliblər.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.

/Trend/