Azərbaycanlı deputat Avropa Şurasını Ermənistan prezidentinə təzyiq etməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurasını Ermənistan prezidenti Serj Sarkisyana təzyiq etməyə çağırıb…

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurasını Ermənistan prezidenti Serj Sarkisyana təzyiq etməyə çağırıb. Bu haqda Trend-ə millət vəkili Qənirə Paşayeva özü məlumat verib. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva çıxışında Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində öz evlərindən köçkün düşmüş və 20 ildir ki, doğma evlərinə qayıda bilməyən təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün adından danışıraq onların fikir və cağırışlarını avropalı deputatların diqqətinə çatdırıb.

“Bir müddət sonra, may ayında Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ili tamam olur. 21 ildir suşalılar, laçınlılar da daxil olmaqla 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilmir və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Amma gəlin xatırlayaq, sonuncu dəfə bununla bağlı ayrıca müzakirələr AŞPA-da nə vaxt aparılıb? Artıq uzun bir zaman keçib. Bununla bağlı 1416 saylı qətnamə də daxil olmaqla qəbul etdiyimiz sənədlər nə qədər yerinə yetirilib? Təəssüf ki, qəbul edilən sənədlərin, qətnamələrin həyata keçirilməsi istiqamətində heç bir müsbət addım yoxdur. Bizim bu Assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qətnamənin qəbilundan təxminən 10 il keçsə də, Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizcə, artıq 100 minlərlə insanın taleyinə laqeyd qalmayıb 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində daha sərt addımlara əl atmaq vaxtı deyilmi? Hər birimizin həyatdan köçmüş yaxınları var. Onların məzarlarını ziyarət edirik. Amma 20 ildir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə, öz torpaqlarına dönə bilmir, öz yaxınlarının məzarlarını ziyarət edə bilmirlər. Hər il yüzlərlə insan öz evinə dönmək həsrəti ilə dünyadan köçür. Bundan ağır faciə ola bilərmi? Gəlin bir anlıq özümüzü onların yerində hiss edək. O zaman onlara kömək etmək üçün əslində Parlament Assambleyasının əlində nə qədər mexanizmlərin olduğunu daha yaxşı görə bilərik “, – Paşayeva qeyd edib.

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin AŞ-dən çox şey gözlədiyini bildirən millət vəkilinin fikrincə, bu məsələdə sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işin bitmiş olduğunu hesab etmək olmaz.

“O, insanlar sizdən qəbul etdiyiniz qətnamələrin, sənədlərin həyata keçməsi üçün daha təsirli mexanizmlərə əl atmanızı, qəbul etdiyiniz sənədlərin necə yerinə yetirilməsinə ciddi nəzarət etməyi və bu istiqamətdə tez-tez müzakirələrin aparılmasını gözləyirlər.

Mən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün müraciətini sizə çatdırmaq istəyirəm. Bu insanlar Assambleyaya müraciətlə “Bizi unutmayın! ” deyir. Onlar Assambleyaya müraciətlə qəbul etdiyiniz 1416 saylı qətnamənin həyata keçirilməsi üçün fəaliyyətinizi, aktivliyinizi, Ermənistana təsir və təzyiqlərinizi artırın deyir “, – Paşayeva vurğulayıb.

Onun sözlərinə görə, bu gün Avropa Şurası məkanında olan qaçqın və məcburi köçkünlərin böyük hissəsi məhz Cənubi Qafqaz regionunda – Azərbaycanda və Gürcüstandadır. Azərbaycanlı deputat Assambleyanı Cənubi Qafqazda məcbiri köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda xüsusi müzakirələr aparmağa çağırıb. Onun fikrincə, harada olmasından asılı olmayaraq, Avropa Şurası qaçqın və məcburi köçkünlərin məsələsini daha çox diqqətdə saxlamalı, onlara öz kömək əlini uzatmalı, baş verənlərə və qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsinə biganə qalmamalıdır.

“Mən dəyərli Assambleyamızı bu insanların taleyinə biganə yanaşmamağa və qəbul etdiyimiz qətnamələrin, 1416 saylı qətnamənin həyata keçməsi üçün özünün təsir və təzyiq mexanizmlərini artırmağa çağırıram. Bütün beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq prezident Serj Sarqsyan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Xocalıda aeropotun tikintisini davam etdirdi. Suriyada baş verən hadisələr üzündən bu ölkədən qaçan erməniləri Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına köçürmə siyasətini həyata keçirməyə başladı. Beynəlxalq təşkilatların bu addımların tamamilə əleyhinə olmasına baxmayaraq, Ermənistan bu köçürülmələri davam etdirir. Bu isə bölgədə vəziyyəti daha da gərginləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Avropa Şurası Parlament Assambleyası Ermənistan rəhbərliyindən bölgədə vəziyyəti gərginləşdirən addımları dayandırmağı və 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb etməlidir. Əks halda, bölgədə vəziyyət daha da gərginləşəcək.

Bütün bunları nəzərə alaraq, biz AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vuran hərəkətlərə son qoymağı tələb etməyə cağırırıq. Unutmamalıyıq ki, Cənubi Qafqaz bölgəsində vəziyyətin getdikcə daha da gərginləşməsi bütün Avropa üçün də ciddi təhlükədir “, – Milli Məclisin üzvü bəyan edib.

/Trend/