“Azərbaycan gələcəyə çox böyük inamla baxır. Biz inanırıq ki, bu gün bizim gənclərimiz gözəl və parlaq gələcək qururlar “. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib…
“Azərbaycan gələcəyə çox böyük inamla baxır. Biz inanırıq ki, bu gün bizim gənclərimiz gözəl və parlaq gələcək qururlar “. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edən nazir qeyd edib ki, Azərbaycan gənc ölkədir və ölkədə gənclər əhalinin faizi baxımından çoxluq təşkil edir: “Bu gün gənclərimizin dünyanın müxtəlif yerlərində təhsil almaları, onların Azərbaycandakı fəaliyyəti göstərir ki, biz Azərbaycanın gələcəyinin parlaq olacağına inana bilərik “.
A.Rəhimov qeyd edib ki, fevralın 5-də Azərbaycan Prezidentinin gənclər üçün hazırlanmış mükafatı öz sahiblərinə təqdim olunacaq: “Mükafat əsasən 4 nominasiya – elm, təhsil, mədəniyyət və ictimai işlər üzrə təqdim olunacaq. Bu, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə ” Dövlət Proqramında olan bir maddədir. Çox şadıq ki, belə yüksək mükafat bizim gənclərimizə təqdim olunacaq “.
A.Rəhimov vurğulayıb ki, bu il Azərbaycanda gənclərlə bağlı çox sayda müxtəlif tədbirlər həyata keçiriləcək: “Milli intellektual oyunlar, Azərbaycan gənclərinin forumu keçiriləcək. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun da Bakıya dəvət olunub “.
Nazir əlavə edib ki, idman sahəsində də müxtəlif tədbirlər həyata keçiriləcək: “Bunlara isə Avropa çempionatı, dünya idman jurnalistlərinin konqresi aiddir. Bir sözlə, qarşıda çox maraqlı il yaşayacağıq. Bu il də gəncləri çox fəal olmağa çağırıram “.
Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Bu münasibətlə bu gün gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə nazirliyin kollektivi, bir sıra gənclər təşkilatları və QHT nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyublar.
/Trend/