Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin SİA-ya müsahibəsi…
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin SİA-ya müsahibəsi
– Azay müəllim, son günlər yenidən Ermənistan silahlı qüvvələri cəbhə xəttində təxribatlara yol verir. ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini kimi bu məsələləri necə şərh edərdiniz?
– Bu hadisələri birmənalı şəkildə Ermənistanın Azərbaycanın torpaqlarında işğalçılıq siyasətinin davamı kimi qeyd edərdim. Ermənistan tərəfi müəyyən təxribatlara əl ataraq Azərbaycan silahlı qüvvələrini cavab vermək məcburiyyətində qoyurlar. Bunların əsas məqsədi Azərbaycanı yeni münaqişəyə cəlb etmək, həm özlərinin, həm də onları idarə edən dövlətlərin gündəminə uyğun olaraq müəyyən təzyiq elementlərindən istifadə etməkdir. Azərbaycan silahlı qüvvələri öz vəzifələrini yüksək səviyyədə, rəşadətlə yerinə yetirməyə qadirdir. Bu ilin avqust ayında cəbhə xətttində atəşkəsin pozulması nəticəsində erməni təxribat diversant qrupunun məhv edilməsi, hava məkanımızı pozan Ermənistana məxsus helikopterin vuulması bunun bariz nümunəsidir. Bununla da Azərbaycan dünyaya 20 il öncəki Azərbaycan olmadığını sübut etdi. Helikopter hadisəsindən sonra Azərbaycan tərəfi olaraq ATƏT Parlament Asambleyasının prezidentinə və baş katibinə məsələyə münasibət bildirmələri üçün məktubla müraciət etdim. Eyni zamanda, ATƏT-in Parlament Asambleyasının Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Soareşə müraciət ünvanladım. Joao Soareş isə öz növbəsində məsələdən narahat olduğunu bildirərək, bu cür təxribatların baş verməməsinə çağırış etdi. Bütünlükdə bu bizi qane etdi. Çünki orada açıq şəkildə qeyd edildi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə əməl etməlidir. Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində biz həm hərb meydanında, həm informasiya məkanında, həm də diplomatiya sahəsində Ermənistanın hər hansı bir üstünlüyə nail olmaları üçün imkan verməməliyik. Bu gün bütün sahələrdə Ermənistandan üstünük. Bu hadisələrin mahiyyətinin tam şəkildə dünayaya çatdırılması üçün Cənab Prezident başda olmaqla diplomatlarımız, parlamentarilərimiz, aidiyyatı qurumlar tam sürətdə səfərbər olublar. Ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri şər-böhtan xarakterli kampaniyaların, eləcə də yalanlarının, təxribatlarının heç bir əhəmiyyəti yoxdur və buna inananların da demokratiya anlayışı kifayət qədər azdır.
– Bəzi beynəlxalq təşkilatlar, eləcə də ölkəmizdə fəaliyyət göstərən müxalifətyönlü QHT-lərin Azərbaycanda baş verən kiçik bir məsələyə həmən reaksiya verdikləri aydın görünür. Amma torpaqlarımızda ermənilər tərəfindən girov saxlanılan kəlbəcərli soydaşlarımızın taleyinə biganə yanaşırlar. Bununla bağlı nə deyə bilərsiniz?
– Azərbaycanla bağlı mahiyyətcə kiçik, məişət xarakterli hadisəyə belə Avropa qurumları, beynəlxalq təşkilatlar tərəfindən qərəzli mövqe sərgilənməkdədir. Bu təşkilatların haqsız münasibət bildirmələrinin əsas səbəbi Azərbaycanın regionda tam müstəqil siyasət yürütməsidir. Azərbaycan bölgədə yeganə ölkədir ki, heç bir gücün, mərkəzin diktəsi ilə siyasətini formalaşdırmır. Həm Qərbdən, həm Şimaldan kifayət qədər şirnikləşdirici təkliflərin olmasına baxmayaraq, dövlət siyasətimiz milli maraqlara uyğun şəkildə qurulur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dövlətimizin, millətimizin təhlükəsizliyi tam şəkildə təmin edilib, Azərbaycan dünya arenasında öz sözünü deyən dövlətə çevrilib. Bu gün bölgədə baş verən proseslər bir daha onu göstərir ki, adi bir siyasi səhv geosiyasi baxımdan katakrizmə gətirib çıxara bilər. Hesab edirəm ki, güc dövlətləri bu siyasətin qarşısını almaq, dövlətimizi öz maraqlarına uyğun şəkildə yönləndirmək üçün bu cür mövzulardan sui istifadə edirlər. Necə ola bilər ki, qonşu dövlətlərdə insan haqları tapdandığı halda, yüzlərlə siyasi məhbus olduğu halda, adları heç bir siyahıda çəkilmir, yalnız Azərbaycan hədəf olaraq seçilir? Bu onu deməyə əsas verir ki, adları hallandırılmayan ölkələr kimlərinsə himayəsinə sığınıblar. Bizim üçün əsas amil xalqımızın birliyi, ölkəmizdə ictimai-siyasi sabitlik, ictimai barış, ictimai mühitin daha da sağlam olmasıdır. Bu istiqamətdə cəmiyyətimiz də, dövlətimiz də lazım olan addımları atır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı qurumlar Azərbaycanın geosiyasi yerini bilməli, rolunu doğru düzgün qiymətləndirməlidirlər. Tərfdaşlarımız, xüsusilə Avropa və ABŞ təşkilatları bütün məsələlərə düzgün yanaşmalıdır. Bu gün Azərbaycan dövləti müasir, demokratik, eyni zamanda dünyəvi bir ölkədir. İndiki məqamda Azərbaycanla bu cür haqsız davranmaq fikrimcə həmin ölkələrin öz maraqlarına da ciddi şəkildə təhdid yaradır.
Kəlbəcərli girovlarımızla bağlı beynəlxalq ictimaiyyətin reaksiyası, laqeyd münasibəti bizi ciddi şəkildə narahat edir. Azərbaycanın iki vətəndaşı öz torpaqlarında yaxınlarının qəbrini ziyarət etmək istədiyi halda, erməni işğalçıları tərəfindən həbs ediliblər. Sonra da qondarma qurum tərəfindən məhkəməyə cəlb edilərək təcavüzə məruz qoyulublar. Buna bu cür yanaşma susqun münasibət heç bir hüquqi qanuna sığmır.
– Siz etimad mühitinin yaradılması üçün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə görüşünün təşkilinin vacib olduğunu bildirmisiniz. Bu təklifin reallaşması üçün ATƏT səylər göstərirmi?
– Etimad mühitinin yaradılması üçün ATƏT davamlı olaraq məsələlər qaldırır. Öz yurd-yuvasından didərgin salınmış bir vətəndaşımıza mən necə gedib deyə bilərəm ki, heç nə olmamış kimi ermənilərlə əməkdaşlıq qur. Əlbəttə bu, absurd səslənir. İnsanı evindən qov sonra da dost ol. Bu mümkün deyil. Ona görə də, etimad mühitinin yaradılmasının doğru formulunu tapmaq lazımdır. Bu gün ən doğru olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə görüşünü keçirməkdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib. İki icma nümayəndələri Dağlıq Qarabağ probleminin necə həll edilməsini, hüquqi statusunun müəyyənləşdirilməsini müzakirə etsə, bu daha doğru olar. Dağlıq Qarabağda yaşayan 60 min azərbaycanlının səsi olmadan heç bir müqəddarat müəyyənləşə bilməz. Ona görə də, iki icma arasında mütləq dialoq qurulmalı və qərarlar qəbul edilməlidir. Əgər sülhdən, demokratiyadan danışırıqsa bunu ikitərəfli həll etməliyik. Təəssüf ki, nə ATƏT, nə Avropa Şurası, nə də Avropa İttifaqı bu məsələyə konkret olaraq tövhə vermək istəyində deyillər. Ümid edirəm ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq.
– Siz eyni zamanda Dağlıq Qarabağdan olan erməni əsilli QHT rəhbərlərini Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında rəsmi olaraq layihələrdə iştirak etməyə çağırmısınız. Nəticələr varmı?
– Hesab edirəm ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının imkanlarından bütün QHT-lər kimi Azərbaycanın bu gün nəzarət edə bilmədiyi ərazilərdə yaşayan Dağlıq Qarabağ vətəndaşları da faydalana bilərlər. Hazırda bu praktiki baxımdan mümkün görünmür. Çünki həmin ərazidə seperatçı rejim mövcuddur. Biz öz xoşməramlı mesajımızı göndərmişik. Bəyanatımdan sonra Dağlıq Qarabağda və Ermənistanda ciddi bir ajeortaj başlandı. Hətta bu təklifi dəstəkləyənlər də var idi. Sadəcə onlara edilən basqılara görə təmasa girməyə çəkindilər. Əgər ermənilər məsələyə praktiki yanaşsa, gələcək perspektivdə bu təmasları lazımi hesab edirəm. Beynəlxalq təşkilatlar etimad yaratma anlayışını birbaşa Ermənistana şamil etməlidirlər. Düşünürəm ki, rəsmi İrəvan xalqını təzyiqlər altından çıxarmalıdır.
– QHT sektorunun nümayəndələri kimi özünü təqdim edən Leyla Yunus və Xədicə İsmayılın həbsi ilə bağlı bəzi yerli və xarici qüvvələr özlərinə məxsus şərh verirlər. Sizcə, vətəndaş cəmiyyətinin təmsilçisi olmaq xüsusi statusa malik olmaq deməkdir?
– Son həbslərin fonunda beynəlxalq təşkilatların canfəşanlıq etməsi gözlənilən idi. Heç bir halda özlərinin uzun müddət ərzində yetişdirdikləri, mənafelərinə xidmət edən şəxsləri diqqətdən kənarda qoymayacaqları aydın görünürdü. Xədicə İsmayılovanın həbsinin dövlətlə heç bir bağlılığı yoxdur. Bu qadın özünün keçmiş həmkarı, yaxın münasibətdə olduğu şəxsin şikayəti əsasında həbs edilib. Bu şəxs açıq qeyd edir ki, Xədicə İsmayılova aylardır mənə qarşı mənəvi teror həyata keçirir. Burada dövlət nə etməlidir? Hüquq mühafizə orqanları konkret, ciddi ictimai təhlükə törədən bir hala, insanı sui-qəsdə məruz qoymaq dərəcəsinə çatdıran fakta münasibət bildirməli deyildimi? Məhkəmə var, araşdırma var. Hansı nəticələrə gələcəklərini zaman göstərəcək. Beynəlxalq təşkilatların siyasi şou yaratmalarının, məsələnin mahiyyətinə varmadan Azərbaycana qarşı təzyiqlər etmək, azad edilməsini tələb etmək hüquqa zidd haldır. Bunu hər hansı bir siyasi əsası olmayan, siyasi motiviasiyası olmayan adi məişət zəminində həyata keçirilən bir hərəkət hesab edirəm. Leyla Yunusa gəldikdə isə, fəaliyyətinə nəzər yetirsək görərik ki, hər zaman dövlətimizə, milli maraqlarımıza zidd fəaliyyət göstərib. Leyla Yunusun bir dəfə də olsun, bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsində Ermənistanı pisləyən bəyanatına rast gəlməmişəm. Mən bu insanın ictimai fəaliyyətini zərərli hesab edirəm. Onunla bağlı vergidən yayınma, qanunsuz fəaliyyət və Ermənistan xüsusi orqanlarına casusluq etməkdə ittiham irəli sürülüb. Cəsusluq çox ağır ittihamdır. Bunu heç kimə arzu etməzdim. Bu prosesin şəffaf aparılmasının tərəfdarı kimi deyərdim ki, haqsız tərəf cəzalandırılmalıdır. Peşəsindən asılı olmayaraq, heç kimin qanun qarşısında immuniteti yoxdur. Heç kim xüsusi statusa malik deyil. Beynəlxalq təşkilatların müdafiə etdiyi siyahıya nəzər salsaq görərik ki, ölkəmizdə islam dövləti qurmaq, mövcud vəziyyəti dəyişmək, terror hadisələri törətmək istəyənlər qorunurlar. Bu insanlar necə siyasi məhbus adı altında müdafiə edilə bilər? Bir tərəfdən İŞİD-lə mübarizə aparır, digər tərəfdən demokratik mühiti pozmağa cəhd edirlər. Bu, ancaq ikili standartdan irəli gələn məsələdir. Bu baxımdan hesab edirəm ki, beynəlxalq təşkilatların verdiyi rəylər adekvat deyildir. Bunu heç vaxt Azərbaycana qarşı təzyiq elementi kimi istifadə etmək olmaz.
– Bu günlərdə bəzi müxalifətyönlü QHT-lər Leyla Yunus və Xədicə İsmayılın zaminə buraxılmasını istəyiblər. Bu istək hüquqi baxımdan mümkündürmü?
– Bu məsələ də hüquq mühafizə orqanlarının işidir. İstintaq var, məhkəmə var. Bunların zaminə buraxılması haqqında konkret fikir söyləmək istəməzdim.
/Sia/