APA-nın Qarabağ bürosunun məlumatına görə, güclü külək bölgənin bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaradıb. Yüksək gərginlikli elektrik xətlərində qısa qapanma yaranması və naqillərin qırılması səbəbindən kəndlərə və şəhər mərkəzlərinin müəyyən hissələrinə elektrik enerjisinin verilişi dayandırılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev APA-nın Qarabağ bürosuna bildirib ki, ilkin məlumatlara görə, külək Tərtər şəhərində 6 ədəd irigövdəli ağacı aşırıb, xeyli sayda evin dam örtüyünə ziyan dəyib, iki transformator zədələnib. Çoxlu sayda yeni əkilmiş ağac sıradan çıxıb. RİH başçısı onu da bildirib ki, hazırda yerlərdən dəymiş ziyanla bağlı məlumatlar toplanır.
Bölgədəki digər rayonların icra hakimiyyətlərindən də hazırda dəymiş ziyanın müəyyənləşdirilməsinə çalışdıqlarını bildiriblər.