Milli Məclisin vitse-spikeri Bahar Muradova Krımın Rusiyaya birləşdirilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ arasında özünü göstərən soyuq münasibətlərin münaqişələrin həllinə hansı formada təsir göstərə biləcəyinə aydınlıq gətirib…
Milli Məclisin vitse-spikeri Bahar Muradova Krımın Rusiyaya birləşdirilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ arasında özünü göstərən soyuq münasibətlərin münaqişələrin həllinə hansı formada təsir göstərə biləcəyinə aydınlıq gətirib.
Trend xəbər verir ki, B.Muradova jurnalistlərə bildirib ki, bugünkü durum ümidləri bir az daha azaldır: “Bundan əvvəl də biz dəfələrlə vurğulayırdıq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütövlükdə koordinasiya olunmuş fəaliyyətləri səmərəsiz qalır. Bugünkü duruma nəzər salanda bu, əlbəttə ki, bizim ümidlərimizi bir az da azaldır, vasitəçilik missiyasına nə dərəcədə sadiq olub-olmaması ilə bağlı suallar doğurur. Amma düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə bu ölkələr ümumi dil tapa biləcəklər. Ən azı, onların nümayəndələri bunu səsləndirməkdədirlər “.
B.Muradova deyib ki, Azərbaycan ötən illər ərzində Dağlıq Qarabağ, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü məsələsinə görə bu ölkəyə qarşı ən müxtəlif təzyiq üsullarından istifadə olunması məsələsini gündəmə gətirib. O qeyd edib ki, istər ATƏT, istərsə də AŞPA-ya üzv ölkələrdən birinin digərinin ərazisini işgal altında saxlaması beynəlxalq hüquq prinsiplərinin ayaqlar altına atılması, bu təşkilatın özünün dəyər və prinsipinə biganə qalmaq, onu saymamaq deməkdir: “Təbiidir ki, Ukraynada baş verən hadisələrdən sonra həlli uzadılmış, dondurulmuş münaqişələrin mütləq müzakirə edilməsi və onların həllinin mütləq tapılması gündəmə gəlib. Ona görə də ATƏT Parlament Assambleyasının növbəti iclaslarının birində bu tip məsələlərin yenidən müzakirəyə cıxarılması fikrini qaldırmışıq. Qarşıdakı dövrdə onun həyata keçirilməsi işində iştirak edəcəyik “.
/trend/