Bakıdan qaçqınların köçürülməsi üçün torpaq sahələri ayrılır

Bunu keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib. Onun sözlərinə görə, xərclənən vəsaitin 193 milyonu büdcənin, 90 milyonu Dövlət Neft Fondunun, 27 milyonu isə beynəlxalq humanitar təşkilatların olub.

Əli Həsənov bildirib ki, hesabat dövründə 1416 ailə yeni mənzilə köçürülüb. Komitə tərəfindən isə 50 binada təmir işləri aparılıb. Baş nazirin müavini məlumat verib ki, ötən il 2 min qaçqın və məcburi köçkün işlə təmin olunub.

Komitə sədrinin sözlərinə görə, bu il də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 310 mln manat ayrılıb: “Onun 203 mln-u büdcənin, 8 mln-u Dövlət Neft Fondunun, 27 mln-u isə beynəlxalq humanitar təşkilatlarının vəsaitidir”.

Bu il Ağdam sakinləri üçün 689 ailəyə yeni evlərin tikintisi nəzərdə tutulub.

————————–

Əli Həsənov onu da deyib ki, Bakıdakı yataqxanalarda, həmçinin ölkə ərazisində hərbi hissələrdə, uşaq baxçaları və digər obyektlərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə bu il başlanıla bilər. Artıq iki aydır bununla bağlı işlərə başlanıldığını qeyd edən komitə sədrinin sözlərinə görə, yataqxanalardakı məcburi köçkünlərin köçürülməsi üçün binaların tikintisi ilə bağlı yerlər araşdırılır. Bunun üçün Masazır qəsəbsində 15 hektar torpaq sahəsi də ayrılıb və hazırda sənədləşmə işləri aparılır: “Bu gün Bakıda 47 min ailə – 216 min məcburi köçkün yaşayır. Məcburi köçkünlər 262 yataqxanada məskunlaşıb ki, bu yataqxanalardan 70-i Təhsil Nazirliyinə məxsusdur. Bu yataqxanalarda 8200 ailə yaşayır. İlk köçürmələr təhsil müəssisələrinin yataqxanalarından başlanacaq”.

Komitə sədri onu da əlavə edib ki, ilk mərhələdə 1-2 yataqxanadan məcburi köçkünlərin köçürülməsi mümkündür. Digər yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi isə mərhələlərlə həyata keçiriləcək.

Əli Həsənov bildirib ki, 16 min məcburi köçkün 75 sanatoriyada, 40-a qədər yarımçıq tikilidə, 2168 ailə (8672 nəfər) isə vaxtilə boş mənzillərə daxil olaraq orada məskunlaşıb: “Bu gün “zəbt edilmiş” adlanan bu mənzillərin boşaldılması məsələsinə də proses çərçivəsində baxılacaq”.

Dövlət Komitəsinin sədri Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədə, Sitalçayda və Bakıdakı bəzi hərbi hissələrin ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin də yeni ərazilərə köçürüləcəyini və artıq bunun üçün torpaq sahələrinin ayrıldığını vurğulayıb.

https://news.milli.az/society/7436.html