Diaspor təşkilatları Amsterdam Universitetinə etiraz məktubu göndəriblər…
Diaspor təşkilatları Amsterdam Universitetinə etiraz məktubu göndəriblər.
Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Niderland Krallığında fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları hazırda ABŞ-da yaşayan Bakıda anadan olmuş erməni Anna Astvatsaturyanın 90-cı illərdə Bakı və Sumqayıtda baş vermiş hadisələr haqqında Azərbaycan əleyhinə yazdığı kitabın Amsterdam Azad Universitetində keçirilən təqdimat mərasimi ilə əlaqədar etiraz məktubu göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatına görə, məktubda 1990-cı ildə Bakı və Sumqayıtda törədilmiş iğtişaşların məhz ermənilər tərəfindən təşkil olunduğunun artıq sübuta yetirildiyi, hazırda Azərbaycanda 30 mindən artıq erməninin yaşadığı bildirilir: “Bir çox millətlərin uzun illər boyunca dostluq şəraitində yaşadığı Azərbaycanın tolerant ölkə olması faktı ilə barışa bilməyən ermənilər böhtan atmaq kimi iyrənc əməllərinə son qoymurlar”.
Məktubda daha sonra bildirilir ki, Azərbaycanın tolerant ölkə olmasını Bakıdakı erməni kilsəsinin mövcudluğu da sübut edir: “Etnik təmizləmə siyasəti aparan Ermənistanda isə bir azərbaycanlı belə qalmayıb. Bu və bu kimi digər faktlar hələ də dünya ictimaiyyətindən gizlədilir”.
Kitabın təqdimatında BAK-ın üzvü olan gənclər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər. Hollandiya Erməni Komitəsi və Erməni Gənclər Təşkilatı tərəfindən təşkil olunmuş tədbirin sonunda Beniluks Azərbaycanlıları Konqresinin gəncləri A.Astvatsaturyana ermənilərin Dağlıq Qarabağda və Xocalıda törətdiyi vəhşiliklər haqqında suallar verib, fakt və dəlilləri diqqətə çatdırıblar.
Bundan əlavə, Amsterdam Azad Universitetinin rəhbərliyinə, kitabın müəllifi A.Astvatsaturyana Benilüks Azərbaycanlıları Konqresi və Hollandiyada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları tərəfindən rəsmi etiraz məktubları göndərilib.