Bakı Media Mərkəzi COVID-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək videoçarxı hazırlayıb

Bakı Media Mərkəzi COVID-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək videoçarxı hazırlayıb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Bakı Media Mərkəzi dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarx hazırda dünya üzrə COVID-19 virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub.

İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu videoçarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın dost İtaliya xalqına dəstəyi ifadə olunur.

Videoçarxda izləyicilərə skripka ustaları Rövşən Əmrahovun, Nəzrin Aslanlının, pianoçu Səidə Tağızadənin və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri olan Cakomo Puççininin “Turandot” operasından “Nessun Dorma” ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayiəti ilə hazırlanan videoçarxın sonunda italyan dilində “İtaliya, Azərbaycan səninlədir!”, “Evdə qalın!”, “ Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur.

Məlumat üçün bildirək ki, videoçarx Azərbaycanda COVID-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib. 

AZƏRTAC