Bakı şəhər Prokurorluğu fevralın 13-də paytaxtda baş vermiş partlayışlarla əlaqədar açıqlama yayıb…
Bakı şəhər Prokurorluğu fevralın 13-də paytaxtda baş vermiş partlayışlarla əlaqədar açıqlama yayıb.
Prokurorluqdan APA-ya daxil olan məlumatda hadisələrlə bağlı respublikanın hüquq mühafizə orqanları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilib: “Fevralın 13-də saat 16.30 radələrində Xətai rayonu ərazisində “Lukoil Azərbaycan” QSC-nin yanacaqdoldurma məntəqəsində yanacaq məhsullarının saxlanılması üçün nəzərdə tutulan yeraltı dəmir çənlərdə təmir işlərinin aparılması zamanı baş verən partlayış nəticəsində fəhlələr – Həsrət İmamverdiyev və Şamxal Orucovun ölmələri, Həşim Turabovun isə xəsarət alması faktına görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.
İlkin araşdırma ilə partlayışın neft məhsullarının qapalı mühitdə buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının alışmasından baş verməsi ehtimal olunur”.
Həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində yarımçıq tikilinin zirzəmisində baş verən partlayışla bağlı isə bunlar bildirilib: “İlkin araşdırmalarla qaz sızmasından baş verməsi ehtimal edilən partlayış nəticəsində Binəqədi rayon sakinləri – Fillurə Budaqova, Afiyət İbadova, Tamella Səfərova, Şücayət Qədimova və Tərlan Kazımov müxtəlif dərəcəli xəsarətləri alıb, avtomobil, yaşayış binası və ticarət obyektlərinə zərər dəyib. Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Xəsarət almış şəxslər dərhal xəstəxanalara yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. Hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə cinayət işləri üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir”.
Apa.az