Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycana nə verəcək?

“Naxçıvana belə gedə biləcəyik”…

“Naxçıvana belə gedə biləcəyik”.

Əlbəttə ki, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin daha da dərinləşdirilməsi, gücləndirilməsinə kömək olacaq.

Bundan başqa bu layihənin də özünün geosiyası əhəmiyyəti var. Belə ki, bununla Azərbaycan Ermənistanı digər layihələrdən təcrid etmək istəyir.

SSRİ dövründə dəmir yolu xətti var idi. Avropaya kimi, biz Naxçıvana qatarla gedə bilirdik. O yerlər indi işğal altındadır. Bu yolu çəkdilər ki, Ermənistanın özü bütün layihələrdən kənarda qalsın.

Bu sözləri Oxu.Az-a iqtisadçı-ekspert Oqtay Haqverdiyev Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin regionun inkişafı üçün əhəmiyyətini şərh edərkən bildirdi.

İqtisadçının sözlərinə görə, bu layihə ilə bir çox problemləri həll etmək mümkün olacaq:

“Məsələn, Avropaya çıxmaq kimi. Hətta, İstanbula dəmir yolu xətti ilə iki günə gedib çatmaq mümkün olacaq. Bu layihə reallaşsa Asiyadan, hətta deyirlər, Pekindən tutmuş Londona qədər dəmir yolu ilə 12 gün müddətində gedib gəlmək mümkün olacaq”.

Ekspert bildirir ki, Bakıdan Naxçıvana dəmir yolu ilə getmək üçün xüsusi layihə də hazırlanır və Azərbaycan hökuməti bu layihəni də reallaşdıra biləcək.

“Türkiyədən Naxçıvana 40 km-lik məsafə var. Bu əraziləri də birləşdirsələr əlbəttə ki, Naxçıvana da getmək mümkün olacaq. Bunu da edəcəklər. Bunun da öz layihəsi var”.

Öz növbəsində, iqtisadçı-ekspert Ruslan Atakişiyevin də məsələ ilə bağlı fikrini öyrəndik.

Ruslan Atakişiyev bildirdi ki, bu layihəyə iqtisadiyyatın bir sahəsinin inkişafı kimi yanaşmaq olmaz:

“Ümumiyyətlə, qeyd etmək istərdim ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycanın, Gürcüstanın, Türkiyənin logistika baxımından çox böyük miqyasda daha da yaxınlaşmasına təsir göstərir.

Bu üç ölkə arasında işçi qüvvəsinin rahat şəkildə axını, turizmin, sənayenin, kənd təsərrüfatının, emal sahələrinin inkişafı deməkdir. Gürcüstan, Türkiyənin turizm imkanlarının perspektivini nəzərə alsaq, bu imkan verəcək ki, bu sahə Azərbaycan bazarında da inkişaf etsin və ölkəmizə turist axını həyata keçirilsin”.

Ekspert bildirir ki, bu xətt vasitəsilə il ərzində 1.5 milyon nəfər istifadə edəcək və il ərzində 6.5 milyon ton yük daşınması həyata keçiriləcək.

Onun sözlərinə görə, bu layihəyə təkcə üç ölkənin proyekti kimi yanaşmaq düzgün olmaz.

“Bu üç ölkənin iqtisadiyyatının digər sahələrinə, gələcəkdə isə Avropanın, Orta Asiyanın ölkələrinin də iqtisadi əlaqələrinin inkişafına təsir edən amildir. Bu İpək yolu xətti üzərində yerləşən ölkələrə iqtisadi əlaqələrin genişlənməsinə təsir göstərəcək ”- deyə, ekspert bildirdi.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindəki hissəsinin inşası başa çatdırılıb. Yolun, yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur.

Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur. Hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlər plan üzrə davam edir. Burada yolun uzunluğu 74 kilometrdir. 

Dəmir yolu xəttinin 2015-ci ilin sonunda tam istifadəyə verilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, yanvarın 28-də nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziriGeorgi Kvirikaşvilinin iştirakı ilə Kartsaxidə sınaq qatarının xəttə buraxılışının açılışı həyata keçirilib.

www.oxu.az