Bakıda daha bir ərazidə evlər söküləcək

 ARDNŞ-in əsas payçısı olduğu “Caspian Shipyard” Bibiheybət yamacında yeni gəmi parkı tikir

Bakının Səbail rayonunda daha bir yaşayış massivi söküləcək. Bibiheybət məscidinin yaxınlığında yerləşən evlərdə yaşayan ailələr tezliklə köçürüləcək…

ARDNŞ-in əsas payçısı olduğu “Caspian Shipyard” Bibiheybət yamacında yeni gəmi parkı tikir

Bakının Səbail rayonunda daha bir yaşayış massivi söküləcək. Bibiheybət məscidinin yaxınlığında yerləşən evlərdə yaşayan ailələr tezliklə köçürüləcək. 

Milli.Az bildirir ki, bu barədə “Yeni Müsavat”a Namiq Quliyev küçəsinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, evləri yaxınlıqda tikilməkdə olan gəmi parkına görə söküləcək. Sakinlər bildiriblər ki, evlərinin söküntüsü ilə bağlı hər hansı rəsmi bildiriş almayıblar.

N.Quliyev küçəsinin sakini Qabil Əliyevin qəzetimizə verdiyi məlumata görə, hələlik şifahi xəbərdarlıq alıblar: “Bibiheybət yamacı deyilən ərazinin aşağı hissəsində ”Caspian Shipyard ” adlı şirkət gəmi parkı tikir. Burada əvvəllər gəmi təmiri zavodu var idi. İndi ərazini daha da genişləndirmək üçün əlavə binalar tikiblər. Aparılan tikinti işləri olduqca aktiv sürüşmə zolağında yerləşən bu ərazilərdə olan evlər üçün təhlükə yaradır. Aldığımız məlumata görə, evlərin köçürülməsi ilə bağlı plan hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub “.

Paytaxt sakininin sözlərinə görə, ilkin mərhələdə 50 evin sökülməsi nəzərdə tutulub: “Rayon icra hakimiyyətinin nümayəndələri bir neçə dəfə əraziyə gəlib evlərin şəkillərini çəkib qeydlər aparıblar. Qonşulardan öyrəndim ki, ilkin mərhələdə 50 ev söküləcək. Evlərin yerində park salınacaq”.

Qeyd edək ki, “Caspian Shipyard” Dövlət Neft Şirkətinin payçısı olan (ARDNŞ) şirkətlərdən biridir. Şirkət 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərir. “Caspian Shipyard” bütün növ gəmilərin təmiri, modernləşdirilməsi, təkmilləşdirilməsini, eyni zamanda gəmilər üçün dizayn, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsini həyata keçirir. Şirkətin 20 faizi ARDNŞ-ə, 75 faizi “AzerFels Pte LTD”-ə (Sinqapur), 5 faizi isə “Lukoil”a (Rusiya) aiddir. 

Qeyd edək ki, Bayıldakı söküntü təkcə bu ərazilərlə yekunlaşmır. Bakıda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasına görə Bayılın bir neçə yerində kütləvi söküntülərə başlanılıb. 20-ci Sahəyə qədər olan yolun kənarındakı evlər artıq sökülüb. Hazırda bu ərazidə yeni yol bağlantılarının və piyada keçidinin tikintisi aparılır. İş icraçılarından aldığımız məlumata görə, ümumilikdə həmin ərazidə 5 yol bağlantısının olması nəzərdə tutulub. Onların uzunluğu 5711 metr təşkil edəcək. 

Milli.Az