Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir

Mayın 7-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türk Şurasının baş katibi Bağdad Amreyev informasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ötən toplantısından sonra görülən işlər barədə məlumat verib. O, işçi qrupunun VII toplantısında müzakirə edilən məsələlərdən danışıb. Baş katib deyib ki, VII toplantıda şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, on il bundan əvvəl Naxçıvanda yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Burada müzakirə olunan əsas məsələ dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarının qorunmasına xidmət etməlidir.

Prezidentin köməkçisi qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur. Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturu dağıdıb. Biz istərdik ki, türkdilli ölkələrin mətbuatında bununla bağlı məlumatlar, informasiyalar getsin. Əgər Türkiyə regionda hər hansı problemlə rastlaşırsa, biz onlara informasiya dəstəyi verməliyik. Türk Şurasına daxil olan ölkələr qarşılıqlı şəkildə bir-birinə dəstək verməlidir.

Əli Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyaları bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının verilişlərinin nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və ictimai televiziyalarının verilişləri Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının verilişləri Azərbaycanda yayımlansın.

Prezidentin köməkçisi qeyd edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunur. Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu mənada müzakirə obyektidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov qeyd edib ki, bu regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Çünki zaman-zaman ermənilər öz təbliğatlarını həyata keçiriblər. Bu baxımdan Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür. Misal üçün, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün dünyada İslam dininə qarşı çirkin kampaniya aparılır. Müsəlman ölkələri, xalqları terrorla eyniləşdirilir. Onların mədəniyyətləri və dəyərləri inkar olunur. Biz bu məsələdə də vahid mövqedən çıxış etməliyik.

Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir. O təklif edib ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi” adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsinə dəstək versinlər. Nazir müavini, eyni zamanda, üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması təklifini yüksək dəyərləndirib.

Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxtımgül Novruzbayova bildirib ki, ölkəsi Şuraya üzv dövlətlərə aid xəbərlərin və videoların yayılmasını təmin edir. Qırğızıstan Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlıdır. B.Novruzbayova vurğulayıb ki, media qurumlarının imicinin artırılması istiqamətində daha çox iş görülməlidir.

Türkiyə Prezidentinin baş müşaviri, mədəniyyət, informasiya və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış çıxış edərək deyib ki, 2009-cu ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı daha da gücləndirdi. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür. TRT AVAZ-ın hazırladığı verilişlər TRT-nin digər kanallarında da nümayiş olunur. TRT AVAZ-ın həyata keçirdiyi işlər bundan sonra da gücləndirilməlidir. Bunun üçün türk dünyasının dəstəyi artırılmalıdır.

Türk Şurasının baş katibinin müavini Ömər Kocaman işçi qrupunun VII toplantısında aparılan müzakirələr barədə məlumat verərkən qeyd edib ki, media qurumlarının əməkdaşlığının gücləndirilməsi üçün vahid şəbəkənin yaradılması qərara alınıb. Türk xalqlarının tarixi şəxsiyyətləri ilə bağlı filmlərin çəkilməsi təklifinin də irəli sürüldüyünü deyən baş katibin müavini bununla əlaqədar razılıq əldə olunduğunu bildirib. Bundan başqa, üzv ölkələrin televiziya kanallarının öz yayımlarını rahat şəkildə həyata keçirmələri üçün kabel yayımı ilə bağlı da müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov qeyd edib ki, bu gün Türk Şurası üçün vahid informasiya məkanı mövcud deyil. Bunun üçün Şuraya üzv dövlətlərin siyasi maraqları təmin olunmalıdır. Üzv ölkələrin telekanallarının kabel yayımı barter əsasında olmalıdır. Çünki kabel yayımı ilə məşğul olan qurumların biznes maraqları var.

Üzv ölkələrin filmlərinin nümayişinin tarixi günlərdə həyata keçirilməsinin məqsədəuyğun olduğunu deyən MTRŞ sədri bildirib ki, bunun sayəsində dövlətlər qarşılıqlı olaraq tarixləri ilə bağlı məlumat əldə edə bilərlər. Ortaq xəbər kanalının yaradılmasına gəldikdə, deməliyəm ki, bu çox mürəkkəb prosesdir. Bu kanal üçün ortaq dil kimi türk dillindən istifadə edilməsi məqsədəuyğundur.

Toplantıya yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, türk coğrafiyasının dünyanın tanımalı olduğu şəxsiyyətləri var. Dünya bu cür şəxsiyyətləri daha yaxşı tanımalıdır. Bu tarixi şəxsiyyətlərlə bağlı filmlər türk, rus və ingilis dillərində olmalıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Mədəniyyət Nazirliyi bu məsələnin reallaşmasına dəstək verməyə hazırdır.

Prezidentin köməkçisi ortaq türk kanalı ilə bağlı bildirib ki, TRT AVAZ-ın tərkibində belə bir kanalın yaradılması məsələsi prezidentlərin qərarından asılıdır. O, “Euronews” nümunəsini misal çəkərək deyib ki, bu kanalda müxtəlif dövlətlərin səhmləri var.

İnformasiya agentliklərinin jurnalist və təcrübə mübadiləsinin əhəmiyyətindən danışan Əli Həsənov deyib ki, AZƏRTAC bu istiqamətdə səylər göstərir, tərəfdaş agentliklərlə yaxşı əlaqələr qurub.

Türk Şurasına üzv dövlətlər arasında xəbər platformasının yaradılmasının vacibliyinə toxunan Prezidentin köməkçisi qeyd edib ki, mətbuat nümayəndələrinin media forumlarının keçirilməsi tərəflər arasında əməkdaşlığı daha da gücləndirər. Azərbaycan türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır. Forumda təkcə telekanallarla bağlı məsələ deyil, ümumilikdə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmalıdır.

Çıxışlardan sonra Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısının Qırğızıstanda keçirilməsi qərara alınıb.

Daha sonra TRT AVAZ-ın Türk Şurasına üzv ölkələrin tarixi və mədəniyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Sonda milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolu imzalanıb.

Azərtac