Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi uşaqlar üçün sığınacaqda təmir işlərini yekunlaşdırıb

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yaşayış şəraitini yaxşılaşdırmaqla orada yerləşdirilən insan alveri qurbanlarına və insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməkdə davam edir.

BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə BMqT-nin Azərbaycan nümayəndəliyi Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacaqda təmir işlərini başa çatdırıb. Sığınacaqda məskunlaşmış uşaqlara tədris üçün avadanlıq və dəftərxana ləvazimatları təqdim edilib.

Bu, “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza” layihəsi çərçivəsində faydalananlara göstərilən yardımın ümumi keyfiyyətinə əlavə töhfə verir. Layihə ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilir.

BMqT paytaxtda və bölgədəki bəzi sığınacaqlarda da yaşayış şəraitini yaxşılaşdırıb.

AZƏRTAC