Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib

Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

Nizamnamədə Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifə və hüquqları, Mərkəzin idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, onun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, Mərkəzdə uçot və hesabat, Mərkəzin ləğvi və yenidən təşkili kimi müddəalar əksini tapıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən proseslərin təhlili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Qanunu, digər qanunları, öz Nizamnaməsini, Azərbaycan Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, xarici qurumlar, hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsait (gəlir) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

AZƏRTAC