Beynəlxalq qurumların gözləmə mövqeyi tutması Ermənistan kimi təcavüzkarın daha da şirniklənməsinə fürsət verir

Aprelin 11-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb…

Aprelin 11-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir Səfər Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırıb. Nazir təəssüflə bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir.

Görüş zamanı Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün cənab Kobieratiskinin verdiyi sualı Səfər Əbiyev belə cavablandırıb.

“Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunu üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir “, deyə Əbiyev bildirib.

/Trend/