BMT-nin insan alverinə dair hesabatı dərc olunub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsinin illik hesabatında bildirilir ki, insan alverinin qurbanları köməksiz insanlar, o cümlədən də uşaqlardır.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Vyanada keçirilən narkotiklər və cinayətkarlıqla mübarizə üzrə Komissiyanın iclasında təqdim olunan hesabatda insan alveri qurbanlarının 30 faizinin azyaşlılar olduğu qeyd edilir. “Dünyanın bütün ölkələrində insan alveri artır, lakin bu hallar ən çox silahlı münaqişə zonalarında mövcuddur. Yaraqlılar və terrorçular öz sıralarını genişləndirmək və gəlir əldə etmək məqsədilə qadın və uşaq alveri ilə məşğuldurlar”, -deyə sənəddə bildirilir.

Dünyanın 142 ölkəsindən daxil olan məlumatlar əsasında hazırlanan hesabatda o da vurğulanır ki, beynəlxalq təşkilatlar və hökumətlər insan alverinə, xüsusən silahlı münaqişə zonalarında qadın və uşaqların istismarına qarşı səyləri gücləndirməlidir. “Azyaşlıların silahlı qruplaşmalara cəlb olunması, seksual köləlik görünməmiş miqyasda artmaqdadır. Terrorçuların törətdikləri bu cinayətlər yerli əhalini qorxu altında saxlamaq, qadınları öz sıralarına cəlb etdikləri yeni yaraqlılara hədiyyə etmək məqsədi daşıyır”, -deyə BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsinin rəhbəri Yuri Fedotov vurğulayıb. Onun sözlərinə görə, bu cür hallar cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılıb.

Hesabat müəllifləri qeyd edirlər ki, insan alveri qurbanlarının 59 faizi seksual məqsədlə istismara məruz qalan qadınlardır. XXI əsrdə də insanların əmək istismarı məqsədilə kölə kimi satılması halları da çoxalıb. İnsan alveri dünyanın müxtəlif ölkələrində fərqli formalarda təzahür edir. Məsələn, 2018-ci ildə Cənub-Şərqi Asiya ölkələrində gəlin alveri, Mərkəzi və Cənubi Amerikada isə qanunsuz övladlığa verilməsi üçün oğlan uşaqlarının satılması halları artıb. Bundan başqa, Cənubi və Mərkəzi Avropa ölkələrində oğurlanan uşaqları cinayətkarlığa cəlb edirlər, Afrikanın şimalında və Şərqi Avropada isə insan orqanları alveri qurbanlarının sayı çoxalıb.