Bu gün iki Milli Qəhrəmanımızın doğum günüdür

Milli Qəhrəmanın dəfn olunduğu kənd hal-hazırda erməni işğalı altındadır…

Milli Qəhrəmanın dəfn olunduğu kənd hal-hazırda erməni işğalı altındadır.

 

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyevin və Bəylər Ağayevin doğum günüdür.

 

Oxu.Az xəbər verir ki, Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulub.

 

O, Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib.

 

Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Udmurt vilayətinə göndərilib.

 

Ermənilər torpaqlarımıza hücum edəndə Şahin silaha sarılıb. Onun şərəfli döyüş yolu Tərtər, Seysulan, Yarımca bölgələrindən keçib. “Qurtuluş” batalyonunda vuruşan cəsur döyüşçü neçə-neçə erməni quldurunu məhv edib. Bir müddət sonra bu batalyonun komandiri təyin edilib.

 

Polkovnik-leytenant Şahin Tağıyev torpaqlarımızın azad olunmasında böyük şücaət göstərib.

 

Sonra Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi fəaliyyət göstərib.

 

Ailəlidir, iki övladı var.

 

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaraağac kəndində doğulub. O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdıb. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılıb.

 

Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o, bölmə komandiri təyin edilib. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

 

1992-ci il… Avqustun 6-sı… Erməni irqçi vəhşilərinin növbəti hücumu.

 

Bəylər yoldaşları ilə mühasirəyə düşüb. Məğrur komandirimiz üzünü yoldaşlarına tutaraq son olaraq bu sözləri söyləyib:

 

“Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun”.

 

Sonra hücuma keçiblər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də özləri ən uca zirvə – şəhidlik zirvəsinə ucalıblar.

 

Subay idi.

 

Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Qubadlı rayonunun Qaraağac kəndində dəfn edilib, bu kənd hal-hazırda erməni işğalı altındadır.

/oxu.az/