Bu gün metropoliten işçilərinin bayramıdır

Metrostansiyaların sayı 76-ya, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaq…

Metrostansiyaların sayı 76-ya, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaq.

Bu gün – 8 noyabr Metropoliten İşçiləri günüdür.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli fərmanına əsasən Bakı Metropoliteninin istismara verilməsinin 40 illiyi ilə əlaqədar olaraq təsis olunub. 

Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün – metropolitenin tikintisi qərara alınmışdı.

Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.

1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da biri “Qara şəhər” adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

Hazırda Bakı Metropoliteninin 23 stansiyası vardır – “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “M.Əzizbəyov”, “Ulduz”, “Bakmil”, “N.Nərimanov”, “Gənclik”, “C.Cabbarlı”, “Xətai”, “28 may”, “Nizami”, “Emlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” “Memar Əcəmi”, “Sahil”, “İçərişəhər”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”.

Bu stansityalardan 14-ü ulu öndər Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı sayəsində tikilərək istifadəyə verilib. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Metropolitenə daim diqqət və qayğı ilə yanaşır. Məhz dövlətimizin başçısının beş il öncə imzaladığı Sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi təsdiq olunub.

Bunlar hamısı əlbəttə ki, Bakı Metropoliteninə dövlət tərəfindən göstərilən qayğının nümunəsidir. Şəhər nəqliyyatının 30 faizini təşkil edən Bakı Metropoliteninin inkişaf planına əsasən 2030-cu ilədək metro stansiyaların sayı 76-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaqdır. Bütün bunlar bir daha deməyə əsas verir ki, Bakı Metropoliteni bundan sonra da paytaxt əhalisinə yüksək səviyyədə xidmət göstərəcəkdir.

www.oxu.az