Ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu…
Ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Pərviz Səmədovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Pərviz Əbdüləhəd oğlu Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olub.
1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil alıb.
1988-ci ildə orduya çağırılır, Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir.
Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir.
Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Pərviz kəşfiyyat hissəsinə başçılıq edib, onun sayəsində erməni yaraqlılarının onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilib.
1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı, ermənilər tərəfindən vurulmuş “Təcili yardım” vertolyotunun ekipajını xilas etmək mümkün oldu, lakin işğalçı, təcavüzkar ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu.
O, 22 yaşında ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Gəncə şəhərində dəfn edilib, qəhrəmanımızın adına burada küçə var.