Bu həftə Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək

Mayın 17-də Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək. APA-nın məlumatına görə, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti dinləmələrdə iştirak etmək üçün Sloveniyaya səfərə gedəcək…

Mayın 17-də Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək. APA-nın məlumatına görə, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti dinləmələrdə iştirak etmək üçün Sloveniyaya səfərə gedəcək. Nümayəndə heyətinə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa və Ceyhun Osmanlı daxildir.

Sloveniya Milli Assambleyasında baş tutacaq dinləmələrdə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının bütün insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğalı səbəbindən ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyasına dair məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Assambleyanın sədri Yanko Veber və Sloveniyanın baş naziri Alenka Bratusiklə, Milli Assambleyanın xarici siyasət komitəsi və Avropa Birliyi Məsələləri komitəsinin üzvləri, eləcə də Sloveniya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Bundan başqa Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Sloveniyanın iqtisadi inkişaf və texnologiya naziri Stanko Stepişnik ilə görüşəcək.

Səfər zamanı nümayəndə heyətinin üzvləri həmçinin Sempas şəhər meri tərəfindən qəbul ediləcək və Çepovanda Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin məzarını ziyarət edəcəklər. /APA/