Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlər plan üzrə gedir…
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlər plan üzrə gedir.
«APA-Economics»in məlumata görə, bunu jurnalistlərə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.
Onun sözlərinə görə, planlaşdırılıb ki, bu il Bakıdan Türkiyəyə ilkin olaraq işçi qatarı yola salınacaq: «Bu istiqamətdə problem yoxdur. İlin sonuna nəzarət qatarını sərhədə qədər göndərə biləcəyik. Amma gələn ildən bu xəttin tam istismara verilməsi gözlənilir».
Q.Nəzirov deyib ki, hazırda burada tikinti işləri davam etdirilir: «Xüsusən Marabda-Axalkalaki sahəsində, yəni Gürcüstan ərazisində hava şəraitinə baxmayaraq işlər gedir. Paralel olaraq, Axalkalaki stansiyasının tikintisi aparılır».
İdarənin rəis müavini bildirib ki, yaxın zamanlarda bu xəttin ilk mərhələsinin tikintisi yekunlaşdırılaraq Gürcüstan tərəfinə təhvil veriləcək: «Artıq orada enerji sisteminin dəyişdirilməsi işləri tam yekunlaşmaq üzrədir».
Dəmir yolu rəsmisi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin uzanmasına və yaranmış gecikmələrə də münasibət bildirib. O deyib ki, bir neçə dəfə bu layihəni dəyişmək məcburiyyətində olublar: «Bu səbəbdən də hər il müəyyən gecikmələr olur. Bu gecikmələr də əsasən ərazinin relyefi ilə əlaqədardır. Orada müxtəlif qar yığıntısı sahələri əmələ gəlir. Bu qardan müdafiə olunması üçün böyük bir müdafiə səddi çəkilməlidir. Bütün bunlar layihədə nəzərdə tutulub».
Q. Nəzirov qeyd edib ki, artıq gələcəkdə dəmir yolu istismara verildikdən sonra qar və küləklə bağlı heç bir problem olmayacaq və qatarlar normal hərəkət edəcək.
Apa.az