“Gənclərə necə deyəcəyik ki, torpaqlarımızın azadlığı uğrunda döyüşsün?”…
“Gənclərə necə deyəcəyik ki, torpaqlarımızın azadlığı uğrunda döyüşsün?”
Fransızlar Strasburq və ətrafını Almaniyanın işğalından 1919-cu ildə, 48 il sonra azad etdi. O ərazilərə cəmi 200 ailə qayıtdı, çünki nəsillər dəyişmişdi. Torpaqlarımızın işğalından 26 il keçib, bir yeni nəsil böyüyüb. Daha 20 il keçsə, o torpaqlara kim qayıdacaq?
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı beynəlxalq konfransda xalq yazıçısı Çingiz Abdullayev söyləyib.
Azərbaycan torpaqlarının işğalı nəticəsində dəyən zərərin hesablanmasını təqdir edən Ç.Abdullayev mənəvi zərərin hesablanmasının mümkün olmadığını vurğulayıb:
“Atam 81 yaşında vəfat edib. Əgər Ağdam işğal altında olmasaydı, daha çox yaşayardı. Mənim xalam oğlu Şuşada öldürülüb. Bu mənəvi zərər necə hesablanacaq?”
Ç.Abdullayev qeyd edib ki, əsas cinayətkar indiki Ermənistan rəhbərliyi, prezidenti Serj Sarkisyan, sabiq prezident Robert Köçəryan, hazırkı müdafiə naziri Seyran Ohanyandır:
“Xocalı barədə danışanda Serj Sarkisyan özü deyib ki, bütün ermənilərin dinc əhalini də qıra biləcəyini dünyaya sübut etdik. Niyə Serj Sarkisyanı Haaqa Məhkəməsinə vermirik? Bu, Hərbi Prokurorluğun deyil, siyasətçilərin işidir. Yaxud Seyran Ohanyan 366-cı alayın zabiti olub, Xocalı soyqırımının törədilməsində iştirak edib, indi Ermənistanın müdafiə naziridir.
O insanlar bizimlə danışıqlara gəlməyəcəklər. Siyasətçilərimiz onları Haaqa Məhkəməsinə verməlidir. 6 il keçib, 50 il də gözləməliyik ki, 3 nəsil də böyüsün, heç kəs ora qayıtmaq istəməsin? Beynəlxalq təşkilatlar əslində bizə kömək etmirlər, bizi dolayırlar. Bu məsələ bizim nə qədər güclü olmağımızdan, güclü ordumuzun olmasından asılıdır. Bunun üçün isə çoxlu kitab oxumalı, biliklərə yiyələnməli, inkişaf etməliyik. İnkişaf nəticəsində problemlərimizin həllinə nail ola biləcəyik”.
/oxu.az/